İctimai yerlərdə su sızıntılarından xəbər verilməsi üzrə mobil proqramın təqdimatı olub

# 15:55
22 aprel 2021

İctimai yerlərdə su sızıntılarından xəbər verilməsi üzrə mobil proqram təminatı olan Hydro Heroes (Hidro Qəhrəmanlar) tətbiqinin Ekologiya və Təbii Sərvətlər Nazirliyində təqdimatı keçirilib.

 

APA TV-nin xəbərinə görə, proqram barədə məlumat verən IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov bildirib ki, ictimaiyyətin su itkisinə qarşı fəaliyyətə cəlb edilməsinə yönəlmiş mobil tətbiqin yaradılması təşəbbüsü Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən 2018-ci il 5 iyunda - Ümumdünya Ətraf Mühit Günündə keçirilən Gənclər Forumu zamanı irəli sürülüb: “IDEA ilə BMTİP-QEF Kür II Layihəsi bu cür mobil tətbiqin birgə yaradılması qərarına gəlib. Əksər ölkələrdə su təchizatı sistemlərində olan itkilər 20-70% arasındadır. Yəni, su paylama şəbəkələrində yaranan qəza və nasazlıqlar səbəbindən küçələrə və ictimai yerlərə sızan su təmizlənib, içməli suyun böyük hissəsi istifadəçilərə çatmamış itirilir. Bu, suyun təmizlənməsinə sərf olunmuş vəsaitin itirilməsi və ictimai infrastruktura zərər vurulması ilə yanaşı, qlobal istiləşmə və dünya əhalisinin artması səbəbindən getdikcə məhdudlaşan şirin su resurslarının daha da azalması deməkdir”.

 

Google Play-də mövcud olan Hydro Heroes tətbiqi Azərbaycan vətəndaşlarına geolokasiyadan istifadə edərək mobil telefonlarından su sızıntısı haqqında məlumatı və görüntüləri birbaşa aidiyyəti quruma göndərmək, problemin həlli ilə bağlı cavab əldə etmək imkanı verir. Mobil tətbiq su şəbəkəsində sızmaların aradan qaldırılma müddətini və su itkisini əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək.

 

Proqramı təqdim edən BMTİP-QEF Kür II Layihəsinin Regional kommunikasiyalar üzrə meneceri Sona Quliyeva isə bildirib ki, tətbiqi açanda ilk növbədə proqramla bağlı qaydalar ekranda görünür: "Tətbiqdən Azərbaycan və ingilis dilində istifadə etmək mümkündür. Tətbiqə su və suya qənaət ilə bağlı əyləncəli və maarifləndirici xüsusiyyətlər, o cümlədən su ilə bağlı test və oyun, Kür hövzəsinin Azərbaycandakı bir sıra sularının 360 dərəcə videoları, AR (Augmented Reality) funksiyası, su sərfiyyatı kalkulyatoru da daxildir. Əsas funksiyası isə su sızmalarından xəbərdar olmaqdır".

 

Menecerin sözlərinə görə, proqramda su sızmaları barədə məlumat vermək də mümkündür. Belə ki, vətəndaşlar proqram vasitəsilə sızıntının şəklini çəkib və ya qalereyadan şəkli seçərək göndərə bilərlər. Göndərilən məlumatlar "Azərsu" ASC-nin serverində qeydiyyata alınır və  bir neçə gün ərzində həmin məlumatlar yoxlanılır, sızıntının aradan qaldırılması üçün işlər görülür.

 

Nazirliyin şöbə müdiri Mütəllim Əbdülhəsənov isə bildirib ki, ötən il ölkədə bir az quraqlıq dövrü olub. Bununla bağlı ötən il su idarəetməsi ilə bağlı fasilələr yaranmışdı: "Bu il ötən illə müqayisədə Mingəçevir Su Anbarına kifayət qədər su yığılıb. Ölkəyə tranzit yollarla daxil olan sular da bizə imkan verə biləcək ki, daha çox su ehtiyatı yığa bilək. Hazırda gursululuq dövrüdür. Kürə də kifayət qədər su yığılıb".

 

Qeyd edək ki, mobil tətbiq IDEA İctimai Birliyi və BMT İP-QEF Kür II Layihəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərsu ASC ilə tərəfdaşlıq çərçivəsində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “AzInTelecom” MMC-nin dəstəyi ilə hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR