İşıqlar sönsə də dayanmır, 450 kq ağırlıq daşıya bilir – BAKIDA ELEKTRON LİFTLƏR
Paytaxt ərazisində bu il də yeni liftlərin quraşdırılması prosesi davam etdirilir.
APA TV xəbər verir ki, Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanaraq alman istehsalı olan yeni liftlər Bakıya gətirilib.
Hazırda biz Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin bazasındayıq və burada gördükləriniz Almaniyanın Wittur Holding GMBH şirkəti ilə imzalanmış müqavilə əsasında gətirilən liftlərdir. Burda 626 ədəd lift var. Onu da qeyd edim ki, 2019-cu ildə yenə eyni şirkətlə imzalanmış müqavilə əsasında 581 ədəd lift gətirilib. Bir növ bu da həmin tendensiyanın davamıdır.
Yeni liftlər paytaxtın müxtəlif rayonlarında istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılır. Eyni zamanda, liftlərə operativ xidmətin göstərilməsi üçün 5 ədəd yeni avtonəqliyyat vasitəsi də alınıb. Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərov bildirib ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir. Onun sözlərinə görə, işlər çərçivəsində köhnə liftlər demontaj edilir, liftlərin şaxtaları, binanın damında lift avadanlığının yerləşdiyi otaqlar təmir olunur, otaqların üstünə ruberoid çəkilir: “Bildiyiniz kimi bu liftlər Bakı şəhərinin adminstrativ ərazisini, bütün 12 rayonu əhatə edir, hazırda Xətai, Nizami və Binəqədi rayonu ərazisindəki işlər bu gündən başlayıb və bu davam etdiriləcək”.
Baş mühəndis Fərhad Əliyev isə deyir ki, köhnə liftlər istismar müddətini bitirmiş liftlərdir: “Yəni, bunun mexaniki səs-küyü də çoxdur. Bunun hərəkətində problemlər var. Yeni liftlər elektron liftlərdir. Hərəkət vaxtı səs-küy yoxdur. İşıqlar söndükdə liftlər lazımi mərtəbədə özü gedib dayanır. Bu hal köhnə liftlərdə yox idi”.
Deməli, mənim bayaq sizə göstərdiyim Wittur Holding şirkətinin liftləri bu şəkildə binalara quraşdırılır. Bu liftlərin köhnələrdən əsas fərqi odur ki, 450 kq ağırlıq daşıya bilirlər. Üstəlik, bunlarda görmə qüsurlu insanlara görə Brayl əlifbası tətbiq olunub ki, bu da onların liftdən daha rahat istifadəsini mümkün edir. Bu liftlərin digər üstünlüyü isə həm ağırlığı rahat daşıması, həm də donma, qırılma kimi problemlərin yaşanmamasıdır. Üstəlik, çox səssiz işləyirlər” – (lift bağlanır və çəkiliş içəridə davam edir, yeni kadr) –Brayl əlifbası tətbiq olunur. Bu gördüyünüz nöqtələr həmin əlifbanın nişanlarıdır. Bu, görmə qüsurlu insanlar üçün nəzərdə tutulub ki, onlar bir növ 4 rəqəmini görə bilmədikləri üçün toxunuşla həmin rəqəmin yerini müəyyənləşdirə bilirlər.
“Lifttəmir” İstehsalat Birliyinin fəaliyyətində növbəti yenilik alınan liftlərə xidmət göstərilməsi üçün Mərkəzi Dispetçer Xidməti Sisteminin qurulmasıdır. Bura lazımı texniki avadanlıqlarla təchiz edilib və liftlərin göstəriciləri daim nəzarətdə saxlanılır. İstismara verilmiş hər yeni lift bu məntəqəyə qoşulur.
Bəs görəsən sakinlər yeniliklərdən razıdırmı?
- 111-ci binada yaşayıram, 7-ci mərtəbədə. Sevinirik ki, bu binanın liftlərini dəyişirlər. Tez-tez liftlər dayanırdı, qapılar açılmırdı. Təmirə, dəyişməyə ehtiyac var idi. Sağ olsunlar ki, ediblər.
- Köhnə liftlərimizin dəyişdirilməsi yaxşıya əlamətdir. Rahatlığımız üçün şərait yaranır. Alqışlayırıq. Bu işdə əməyi olanlara çox sağ ol deyirik.
Parametrlərə gəlincə, Sovet dönəmindən qalma liftlərdə texniki göstəricilər 320 kq və 0.71 metr/saniyə idisə, yeni liftlərdə bu göstərici təxminən iki dəfə çoxdur və hərəkət sürəti 1.0 metr/saniyədir.
Demək, bir yerli sakin kimi burada bir neçə dəfə liftlə enib-qalxdım. Çox sürətlə işləyir. Yəni, nə bir ləngimə, nə də donma var. Səs isə demək olar, yoxdur. Sanki heç bir enmə-qalxma baş vermir kimidir. Dedikləri qədər varmış.
Təmir-bərpa prosesinin sentyabr ayına qədər davam etməsi planlaşdırılır. Yeni quraşdırılan liftlərin isə hər biri müvafiq sınaqlardan keçdikdən sonra vətəndaşların istismarına veriləcək.
Qeyd edək ki, növbəti illərdə də 2503 liftin dəyişdirilməsi nəzərdə tutulur.
Mir Çingiz Ağazadə,
Üzeyir Ağayev,
APA TV
DİGƏR XƏBƏRLƏR

Arazın suyu həm azalıb, həm bulanıb - APA TV addım-addım Arazın izi ilə

Burada bitən ağacları başqa yerə köçürəndə ya bitmir, ya da görkəmini dəyişir

Günün məzənnəsi - 01.04.2023
