İçki və siqaretə görə ƏDV qaytarılması dayandırılıb

# 12:37
6 oktyabr 2022

Məlum olduğu kimi, 2022-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsində əlavə və dəyişikliklər edilib ki, bu dəyişikliklərin bir istiqaməti də “ƏDV geri al” mexanizminin təkmilləşdirilməsi çərçivəsində avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına ƏDV-nin qaytarılmasının istisna edilməsi ilə bağlıdır.

Dəyişikliyə əsasən, 2022-ci il oktyabrın 1-dən etibarən istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən APA TV-yə verilən məlumata görə, alkoqollu içkilərin və tütün məmulatlarının əhalinin sağlamlığına mənfi təsir göstərən zərərli məhsullar olduğunu nəzərə alaraq, həmin məhsullar ƏDV-nin geri qaytarılması şəklində stimullaşdırıcı tədbirlərin dairəsindən çıxarılıb.

 

Bununla yanaşı, “ƏDV geri al” mexanizminin tətbiqinə başlandıqdan ötən müddət ərzində aparılan təhlillər nəticəsində, ƏDV-nin qaytarılması prosesində xüsusilə alkoqollu içkilər və tütün məmulatlarının alqı-satqısı zamanı sui-istifadə hallarının yaranması müşahidə olunub.

 

“Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişiklik ilə ƏDV-nin geri qaytarılması mexanizmi pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə yanaşı, 2022-ci il 1 yanvar tarixindən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə də aid edilir”, - məlumatda deyilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR