İlisuda turistlərin ən çox ziyarət etdiyi qalanın qəribə sirri

# 15:40
3 oktyabr 2022

 

Bu gün sizi çay daşından, əhəng məhlulundan, bişmiş kərpicdən və yumurta sarısından istifadə olunaraq tikilən müdafiə qalasından salamlayırıq. APA TV xəbər verir ki, bu tarixi məkan 300 ilə yaxın bir dövrdə mövcud olan İlisu Sultanlığı zamanında müdafiə qülləsi kimi tikilən Sumuq qalasıdır. 18-ci əsrdə inşa olunan qala haqqında bir sıra rəvayətlər var. Bu rəvayətlərdən birində qalanın Sumu xan adlı bir İlisu hakimi tərəfindən inşa edildiyi deyilir. Buna görə qala Sumuq qala adlanıb. Digər bir rəvayətə görə isə qalanın adı “sümük” sözü ilə bağlıdır. Rəvayətə görə, qalanın möhkəmliyini, alınmazlığını ifadə etmək üçün işlədilən “sümük kimidir” ifadəsi İlisu dialektində “sumuk” şəklində tələffüzü ilə olunduğundan zamanla qala Sumuq adlanıb. 2005-2006-cı illərdə altı mərtəbəli tarixi abidə dövlət tərəfindən bərpa və əsaslı təmir edildikdən sonra hər mərtəbəsində müxtəlif eksponatların sərgi yaradılaraq yerli və xarici turistlərin ixtiyarına verilib. Burada 18-19-cu əsrlərdə bölgə əhalisinin kənd təsərrüfatı və əkinçilik sahəsində işlətdiyi alət və avadanlıqlardan, məişət əşyalarından tutmuş, yerli xanımların əl işlərinə kimi bir çox şeyə rast gəlmək olar. Məşhur “Qorxma mən səninləyəm” filminin çəkilişləri İlisu kəndində həyata keçirilib. Filmin son səhnələri tarixi abidə olan Sumuq qalada çəkilib. Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyinin balansında olan Sumuq qala ölkə əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR