İranda qanlı aksiyalar: Məhkəmələrə “edamı artırın” əmri verildi

# 18:54
24 yanvar 2023

İranda rejimin vətəndaşlara qarşı basqıları və həbsdə olanlara qarşı işgəncələri davam etməkdədir. Üstəlik, hökumətin güzgüsü olan məhkəmələrdə ölüm hökmünün çıxarılması adi hal alıb. Rəsmi məlumatlara görə, 500-dən çox şəxs aksiyada iştiraka görə həbs olunaraq azadlıqdan məhrum ediliblər. Dəqiq say bilinməsə də, həbs olunanların verilən rəqəmlərdən daha çox olduğu ehtimal edilir. Edam olunanların da sayı barədə dəqiq məlumatlar yoxdur. Məhbusların Vəziyyətinin Monitorinqi Komitəsinin məlumatına görə, Urmuda 8-i qadın olmaqla 25 nəfər casusluq və sosial mediada gəncləri etiraza təhrik etmək ittihamı həbs olunublar. Qeyd olunub ki, onlar "Urmiya Məhəllələrinin Gəncləri" adlı qrup üzvləridirlər və hamısı məktəblidir.

Sosial şəbəkələrin İran seqmentində yayılan məlumatlara görə, ağır şəraitdə və işgəncə altında, o cümlədən telefon danışıqlarına və görüşlərinə məhdudiyyətlər qoyulmaqla gözləri bağlı halda təcridxanada saxlanılan 4 nəfər barəsində də edam hökmü çıxarılıb.

Mənbənin məlumatına görə, gənclər Sistan və Bəlucistan əyalətindəki son etirazlar zamanı həbs ediliblər. Həbs olunanlardan Həsən Firuzi və Məhəmməd İxtiyarian adlı iki gəncin işgəncə nəticəsində komaya düşdükləri bardə də məlumatlar yayılıb.

Bu arada Ərdəbildə rabitə idarəsinin işçiləri də etirazlara başlayıblar. Narazı işçilər əməkhaqlarının verilməməsinə və əlavə yardımların kəsilməsinə görə aksiyaya başladıqlarını bildiriblər.

Tehranda təqaüdçü müəllimlər Təhsil Nazirliyinin önündə aksiya keçirərək ağır dolanışıq vəziyyətinə və onların pensiyalarının bərabər müəyyən edilməməsinə narazılıqlarını bildiriblər. Etirazçı müəllimlər "Problemimiz həll olmasa, aksiya təkrar olacaq", "Bahalıq, inflyasiya, xalqı cana yığıb", şüarları səsləndiriblər.

Xatırladaq ki, ölkədə etirazlar sentyabr ayının ortalarında Məhsa Əmini adlı xanımın başörtüsü qərarını pozmaqda günahlandırılaraq əxlaq polisi tərəfindən öldürülməsi iddiasından sonra alovlanıb. Etirazlar İranın bir çox şəhər və bölgələrində milli mübarizə və molla rejimindən xilas aksiyasına çevrilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR