İsraili aksiyalar bürüdü: Ölkə vətəndaş müharibəsinin astanasında
İsraildə Nazirlər Kabinetinin məhkəmə islahatları ilə bağlı layihəsi ölkədə narazılıq yaradıb. Yeni təkliflərə görə, ölkə parlamenti Ali Məhkəmənin qanunları ləğv etmək səlahiyyətini məhdudlaşdırmalıdır. Qanun layihəsi fevralda birinci oxunuşla qəbul edilib. Müxaliflərin fikrincə, dəyişikliklər hökumətin hakim seçimi ilə bağlı səlahiyyətini genişləndirir ki, bu da İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq. Qanun layihəsi ilə bağlı narazılıqlar yanvar ayından başlasa da, martın 26-dan daha da kəskinləşib və aksiya halını alıb. Yerli mətbuat bunu ölkənin müdafiə naziri Yoav Qalantın müxalifləri dəstəkləməsi və vəzifəsindən istefa verməsi ilə əlaqələndirirlər. İstefadan sonra da hökumət daxilində narazılıqlar artıb. İsrail prezidenti İshaq Hersoq öz tvitter hesabında hökuməti məhkəmə islahatlarının qəbul edilmə prosesini dərhal dayandırmağa çağırıb.
Sitat: “İsrail xalqının birliyi, eləcə də məsuliyyət naminə sizi qanunvericilik prosesini dayandırmağa çağırıram. Milli təhlükəsizlik, iqtisadiyyat, cəmiyyət, hər şey təhlükə altındadır”. Sitatın sonu
Ölkədə aksiyaların nə zamanadək davam edəcəyi ilə bağlı məlumat verilməsə də, bildirilir ki, etirazlara 600 mindən çox vətəndaş qatılıb. Ölkənin xüsusi xidmət orqanları etirazların davam edəcəyi halda terror hücumlarının kəskin artmasına səbəb ola biləcəyini bildirirlər. Ölkədə xidmət sahələrində tətillər artır. Hətta Tel-Əviv aeroportunun işçiləri İsraildə elan olunan kütləvi tətil çərçivəsində hava limanını bağlayır və təyyarələrə reys həyata keçirməyə icazə vermirlər.
Həmkarlar İttifaqının rəhbərinin tətil çağırışından sonra Ben Qurion hava limanında uçuşlar dərhal dayandırılıb.
Qüdsdə Knessetin binası qarşısında hökumət əleyhinə böyük mitinq hələ də davam etməkdədir. Channel 12-nin məlumatına görə aksiya zamanı bir qrup iştirakçı parlamentin binasına daxil olublar. Yerli polisin məlumatına görə, onlar tez bir zamanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq ərazidən uzaqlaşdırılıblar.
Məsələ ilə bağlı kanalımıza açıqlama verən Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elşad Mirbəşir oğlu bildirib ki, son illər İsrail hökumətində siyasi gərginlik hökm sürməkdədir. O əlavə edib ki, bu İsrail tarixində ən genişmiqyaslı aksiyadır.
Proseslərin Azərbaycana təsirlərinə gəlincə isə deputat qeyd edib ki, heç bir təsir göstərməyəcək. Çünki Azərbaycandan İsrailə köçən çox sayda yəhudi istənilən halda maraqlarımızı müdafiə edəcək. Deputat əlavə edib ki, iki ölkə arasında münasibətlər hər zaman inkişafda olub.
Siyasi şərhçi Şahin Cəfərli isə bildirib ki, aksiyalar sekulyarlarla dindar təbəqənin mübarizəsidir. Onun fikrincə, bu aksiyalar davam edərsə, İsraildə vətəndaş müharibəsi qaçılmazdır.
Sitat: Ya dünyəvi-sekulyar yəhudilər qatı dindar yəhudiləri (ultraortodoks) əzəcək, ya da ultraortodokslar sekulyarları əzib, Qalaxa qanunları əsasında dini rejim qurulacaq. Üçüncü yol görünmür, bu 2 tip yəhudilərin bir arada yaşamaq imkanları getdikcə tükənir. Ultraortodoksların sürətli populyasiyası dünyəvi dövlət sistemi və sekulyar həyat tərzi üçün həyati təhdiddir. Hazırkı böhran yoluna qoyulsa belə, gec-tez mütləq öz həllini tapmalıdır. Yəni vətəndaş müharibəsi tam real perspektivdir.” Sitatın sonu
Günün ikinci yarısında isə İsrail Baş naziri Benyamin Netanyahu mübahisəli məhkəmə islahatlarını dayandıracağını bildirib. Netanyahu bu barədə koalisiya rəhbərləri ilə görüşündə məlumat verib. İsrailin ictimai radiosu “Kan”ın məlumatına görə, Benyamin Netanyahunun məhkəmə islahatları ilə bağlı qanunvericiliyi dondurduğunu elan edəcəyi gözlənilir.
Fuad Sadıqov
APA TV
DİGƏR XƏBƏRLƏR

Hərbçilərimizi tora salmaq istəyirlər / - “APA XƏBƏR” - 17:00

“İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filminin müzakirəsi keçirilib

Şərurda həmkəndlilər arasında dava qanla bitdi
