İt saxlayanlar buna əməl etməsələr, cəzalandırılacaqlar

# 12:48
19 avqust 2021

Yəqin çoxunuz küçə və məhəllələrdə, parklarda və digər ictimai yerlərdə itinin ağzına buruntaq taxmayan, saxladığı ev heyvanını cilovsuz gəzdirən vətəndaşlarla rastlaşmısınız.

 

Bəs ev heyvanlarını, xüsusən də itləri qoruyucu vasitələr, əsasən buruntaq və zəncir olmadan ictimai yerlərdə gəzdirmək olarmı? Qanunvericiliklə bu hallar necə tənzimlənir?

 

APA TV olaraq məsələni araşdıran zaman məlum oldu ki, itlərin və digər ev heyvanlarının ictimai yerlərdə gəzdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli qərarı ilə tənzimlənir.

 

Apardığımız sorğudan məlum oldu ki, vətəndaşlar da bu məsələdən narahat olurlar:

 

İt sahibinin itidir və onun üçün qorxulu deyil, təhlükəli deyil. Əgər it sahibini sığallayırsa, ona nəvaziş göstərirsə, bu o demək deyil ki, həmin nəvazişi mənə də göstərəcək.

 

Hamı bu qanuna əməl etməlidir. Ağzı açıq formada vəhşi heyvanlar gəzdirirlər. Bu heyvanlar insanlara zərər yetirə bilərlər, hansısa xətər törədə bilərlər. Qanundursa, buna əməl olunmalıdır.

 

Çölə çıxan itin ağzında buruntaq olmalıdır. Uşağa hücum edə bilər, xanımlara, yaşlı insanlara hücum edə bilər. İt öz yiyəsinə qarşı cüzi bir təhlükə hiss edən kimi kiməsə hücum edə bilər. İtlərdə şüur belədir ki, sahibimə kimsə pis baxdı və ya qışqırdı deyə adama hücum edə bilər.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirir ki, vətəndaş sahibi olduğu iti küçədə, parkda və digər ictimai yerlərdə cilovsuz və ya buruntaqsız gəzdirdiyi halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsinə əsasən cərimə olunur: “İtlərin cilovsuz, iri itlərin isə buruntaqsız ümumi məhəllələrdə, küçələrdə, parklarda gəzdirildiyi təqdirdə vətəndaşa 200 manat miqdarında cərimə tətbiq edilir. Eyni hal təkrarlanarsa, 300 manatadək cərimə tətbiq oluna bilər. Ev itləri ilə bağlı hər hansı bir hadisədən xəsarət alan olarsa, heyvan sahibini 1000 manatadək cərimə gözləyir. Ev itlərinin buruntaqsız gəzdirilməsinə nəzarəti yerlərdəki polis növbətçiləri həyata keçirirlər”.

 

Qeyd edək ki, qanunda göstərilən hallardan hər hansı biri polis tərəfindən aşkarlanarsa, yaxud bununla bağlı müraciət daxil olduqda polis əməkdaşları tərəfindən araşdırma aparılır və məsələyə hüquqi qiymət verilir.

 

Həmidağa Məcidov,

Samir Qaragözov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR