Jomart Tokayev Azərbaycana niyə gəlir?

# 17:02
7 iyun 2022

Qazaxıstanın əmtəə istehsalçılarının Azərbaycanda iqtisadi-ticarət missiyası və birgə biznes forumu keçirilib. Forumda çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bildirib ki, Hökumətlərarası Komissiyanın ötənilki 17-ci iclasının protokolunun icrası istiqamətində Qazaxıstan tərəfi artıq Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının tərkibini formalaşdırıb: “Şura iki ölkə arasında müntəzəm dialoq, ikitərəfli investisiya və ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün platforma rolunu oynayacaq. Həmçinin, yeni formalaşan struktur ticarət maneələrinin aradan qaldırılması və biznes səviyyəsində problemli məsələlərin həlli üçün hökumətlərarası komissiya və dövlət qurumları üçün tövsiyələr hazırlayacaq”.

 

Bundan başqa səfir qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu il Azərbaycana səfəri gözlənilir. Bu səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin, o cümlədən 2026-cı ilə qədər əməkdaşlığın inkişafına dair hərtərəfli proqramın imzalanması planlaşdırılır.

 

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR, Orta dəhliz) Azərbaycan və Qazaxıstan arasında münasibətlərdə xüsusi əhəmiyyət kəsb etdiyindən ona böyük diqqət ayırmağın vacibliyini vurğulayan səfir əlavə  edib ki, 2022-ci ilin sonunadək bu dəhliz vasitəsilə yük daşımalarının həcminin 6 dəfədəyək artacağı gözlənilir. O, həmçinin Azərbaycanın iş adamlarını Qazaxıstana, Qazaxıstanın iş adamlarını Azərbaycana sərmayə yatırmağa dəvət edib. Daha sonra çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov bildirib ki, ötən il Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi təxminən 136 mln. ABŞ dolları təşkil edib.1995-2021-ci illər ərzində Azərbaycanın Qazaxıstanın qeyri-neft sektoruna investisiyaları 200 mln. dollardan çox, Qazaxıstanın isə Azərbaycanın qeyri-neft sektoruna sərmayələri təxminən 100 mln. dollar təşkil edib: “Azərbaycan əlverişli biznes və investisiya mühiti ilə tanınır. Ölkəmizdə 15 mindən çox xarici kapitallı şirkətin qeydiyyatdan keçməsi buna sübutdur. Onların arasında Qazaxıstan kapitallı 159 şirkət (sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində) var. Qazaxıstan bazarında Azərbaycan şirkətləri də təmsil olunur.Qarşılıqlı fəaliyyətin müxtəlif sahələrində bütün məsələlərin müzakirəsi üçün səmərəli platforma rolunu oynayan ölkələrimiz arasında Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolunu ayrıca qeyd etmək istəyirəm"

 

“QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” SC-nin Baş direktoru Azamat Askarulı  da qeyd edib ki, Azərbaycan Qazaxıstanın çox vacib iqtisadi tərəfdaşıdır. Ötən il ölkələr arasında əmtəə dövriyyəsi 300 milyon ABŞ dolları təşkil edib. Bu ilin birinci rübü ərzində bu rəqəm 100 milyon ABŞ dolları olub. Qısamüddətli perspektivdə məqsəd bu göstəricini 500 milyon dollara, uzunmüddətli perspektivdə isə 1 milyard dollara çatdırmaqdır. Çıxışlardan sonra Qazaxıstanın əmtəə istehsalçılarının Azərbaycanda iqtisadi-ticarət missiyası çərçivəsində iki ölkənin müxtəlif qurumları arasında iqtisadi əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Əməkdaşlığa dair ilk imzalanan sənəd Qazaxıstanın “Kaztrade” Səhmdar Cəmiyyəti ilə Gəncə İş Adamları İctimai Birliyinin arasında memorandum oldu. Daha sonra müvafiq qurumlar arasında imzalanan müqavilələr arasında, həmçinin metal prokatının, günəbaxan yağının, duz və lak-boya məmulatlarının tədarükü üzrə müqavilələr də imzalanıb.

 

AYTƏN SAKİTQIZI,

ZİYA ALLAHYAROV,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR