Kefli İsgəndərin doğma kəndindən REPORTAJ

# 12:25
4 yanvar 2022

“Hər kəsin Kefli İsgəndər kimi tanıdığı Hacı Həsən oğlu İsgəndər bəy gördüyünüz bu məzarda uyuyur. O, vəfat elədiyi son ilə qədər xurafatçılıqla mübarizə aparmış, xurafatçı mollaların təşkil elədiyi dərs xanalardan talantlı şagirdləri seçərək ölkə xaricinə təhsil almağa göndərir. Özü isə atası Hacı Həsənin əcnəbi tacir dostlarının vasitəçiliyi ilə Fransada şərabçılıq Texnologiyası üzrə təhsil alıb.”

Bəli, söhbət Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində yaratdığı “Kefli İsgəndər” dən gedir. İsgəndər bəy Ağcabədi rayonunun Hüsülü kəndində doğulub və ömrünün sonunadək orada yaşayıb. Şərabçılıq texnologiyasının sirlərinə yiyələnən İsgəndər Hacı Həsənin xarici tacirlərə xammal şəklində satdığı üzümü yaratdığı emalatxanada sıxaraq şirə, daha sonra şəraba çevirib satmağa başlayır. Hüsülü kənd sakini Məhəmməd Quliyev deyir ki, İsgəndər bəy istehsal etdiyi şərabı dünyanın müxtəlif ölkələrinə satıb:

“O, biz durduğumuz yerdən bir az sağ tərəfə - belə gedəndə onun orada üzüm plantasiyaları var idi. O üzüm plantasiyalarında da üzüm istehsal edirdi. Və üzümü sonradan şəraba çevirib çəlləklər vasitəsi ilə Bakıya aparıb dəniz vasitəsi ilə dünyanın müxtəlif yerlərinə aparıblar.”

Bu şərab emalı işi onu xurafatçı mollaların dilinə salır. Əbədi olaraq ona “Kefli” adı verirlər. İsgəndər bəy isə satdığı şərabdan əldə etdiyi pullarla əyalətlərdən seçdiyi gənclərin təhsil almasını təmin edirdi. Deyilənlərə görə, Cəlil Məmmədquluzadənin İsgəndəri qələmə almasının səbəbi aralarında olan qohumluq əlaqəsi olub. Belə ki, Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımın əmisi qızı Bahar xanım da İsgəndər bəyin həyat yoldaşı olub. Mirzə Cəlil də ailədən onun haqqında eşitdiklərini qələmə almağa başlayıb. Məhəmməd Quliyevin sözlərinə görə, bu ailələrin xüsusi yaxınlığı olub: “Bunlar bu ailənin xüsusi bir yaxınlığı var idi. Birincisi bu ailədə qohumluq dərəcəsi var idi. İkincisi bunlar dövrünün burjuası idi. Siz bilirsiniz, Həmidə xanımın Mirzə Cəlil barədə xatirələr kitabı var, orda var. Mirzə Cəlilin cild əsərləri var, orda var.”

Dildən-dilə keçən məlumata görə İsgəndər Bəyin bir oğul, bir qız varisi olub. Qızının tibb təhsili, oğlu Xudadat bəyin isə Qori müəllimlər seminariyasını bitirdiyi deyilir. Balşeviklərin gəlişindən sonra İsgəndər bəyin yaxın qohumları Fransaya mühacirət ediblər.  Məhəmməd Quliyev onların Fransadan qohumlarına məktub yazdığını da xatırlayır:  “Onlar Frandsadan bura məktub yazmışdı. Onların burada qohumları qalmışdı. Bilirsən onlar kimidir? Burada rəhmətlik Natəvan arvad var idi. Maytavan nənə İsgəndərin qardaşı Qasımın nəvəsi idi. O vaxt oradan məktub da gəlibdir, Fransadan ki, bəs gələ bilərsiniz.”

1902-ci ildə vəfat edən Hacı Həsən oğlu İsgəndər bəy də kənd məzarlığında dəfn olunub.

Qeyd edək ki, Kefli İsgəndər obrazının real prototipləri barədə digər versiyada Cəlil Məmmədquluzadənin Naxçıvanda yaşayan Paşa bəy Sultanov adlı bir vəkili nəzərdə tutduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR