Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan üç nəfər dəfn olunub

# 19:06
5 iyun 2021

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalist, AzTV-nin operatoru Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

 

APA TV-nin məlumatına görə, dəfn mərasimindən öncə mərhum Sirac Abışovla yaşadığı Hacı Zeynalabdin qəsəbəsi, Kərim Kərimov küçəsində vida mərasimi keçirilib.

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezidentin tapşırığı ilə vida mərasimində iştirak edib və dövlət başçısı ilə Birinci Xanımın başsağlığını çatdırıb.

 

Hikmət Hacıyev bildirib ki, mina partlayışı faktı bir daha onu göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə mülki Azərbaycan insanlarını hədəfə alan siyasət yürüdür: “Bütün beynəlxalq tərəfdaşlarla, bütün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb. Mina xəritələri Ermənistan tərəfindən verilməlidir. Bu eyni zamanda, Ermənistanın özünün məsuliyyəti və öhdəliyidir.  Amma biz burada sivil qaydalardan və sivil dünyadan tamamilə kənar olan və barbar bir siyasət yeridən və vandalizm əsasında mülki insanları hədəfə alan məqsədyönlü şəkildə mülki insanların öldürülməsi siyasətinə sadiq olan bir dövlətdən danışırıq. Ona görə də Ermənistanın üzərində bu öhdəlik olduğu halda biz onların barbar və digər vandalizm əməllərini də görmüşük. Amma bunun müqabilində xəritələr təqdim olunana qədər Prezidentin tapşırığı əsasında Azərbaycan Respublikasının aidiyyəti strukturları tərəfindən intensiv şəkildə işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi əməliyyatı aparılır”.

 

Sirac Abışovun qardaşı Şirzad Abışov qardaşının vətən sevdalısı və torpağına bağlı biri olduğunu deyir. Qardaşının şəhid olacağını ailəsi əvvəlcədən hiss edirmiş: “Səhər-səhər anamla danışıb. Axşamı günü, gün ərzində elə bil ki, hadisədən bir gün öncə ona zəng çatmamışdı. Narahat olmuşduq. Sözün düzü anam Kəlbəcər rayonuna ezamiyyət başlayanda artıq anam çox narahat idi. Elə bil hiss eləmişdi. Mən onu bir az indi olmasın danladım ki, məsuliyyətsiz eləmə heç olmasa getməmişdən qabaq bir dəfə xəbər elə. Dedi ki, set olmayıb məndən üzr istədi. Sirac başqa oğlan idi”.

 

Sirac həmkarlarının qəlbində də xoş xatirələr, unudulmaz izlər buraxıb. Onlar hələ də Siracın yoxluğuna inana bilmirlər.

 

Jurnalist Ruslan Eldaroğlu deyir ki, Sirac həqiqətən də işini sevdiyi qədər vətənini də sevən oğlan idi: “Biz digər çəkilişlərdə, çəkiliş meydanlarında da bir yerdə olmuşuq. Amma sırf işğaldan azad olunmuş ərazilərdəki onun xidmətləri, onun çəkilişləri hər kəsə bəllidir. O ərazilərdə çəkiliş meydanında olanlardan biri kimi deyə bilərəm ki, orda hər oğul da çəkiliş aparmaq iqtidarında deyil. Sirac sevdalı idi”.

 

İş yoldaşı Aysel Abbasova Siracın mehriban, gülərüz biri olduğunu deyir: “Çox mehriban, çox gülərüz insan idi və işinin peşəkarı idi. Siracın qəlbi Qarabağla döyünürdü, Qubadlı ilə döyünürdü. 44 günlük Vətən Müharibəsi dövründə də həmişə can atırdı ki, əsgər kimi getsin həqiqətən də. Özü də əsgər kimi olmasa da operator kimi şəhid oldu, şəhadətə yetişdi”.

 

Digər iş yoldaşı Rövşən Əliyev Siracı peşəkar bir operator kimi xatırlayır: “Peşəkar kimi Sirac işini bilən operator idi. O vətən sevgisi bilirsiniz də o əslən Qubadlı rayonundan idi. Onun torpaq sevgisi hər zaman özünü biruzə verirdi. O hər zaman Qubadlı həsrəti ilə, torpaqlarımızın həsrəti ilə yaşayan bir adam idi”.

 

Sirac Abışovla vida mərasimindən sonra onun tabutu Sumqayıt şəhər Şəhidlər Xiyabanına aparılaraq orada dəfn olunub.

 

Qeyd edək ki, Sirac Abışov 32 yaşında idi və bir azyaşlı övladı yadigar qalıb.

 

Ötən gün Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan Məhərrəm İbrahimov isə Abşeron rayonu Pirəkəşkül qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

 

Mina partlaması nəticəsində şəhid olan Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev isə Göygöl rayon Şəhidlər xiyabanında dəfn edilib.

 

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR