Kəmaləddin Heydərov yanğınlarla bağlı əməliyyat müşavirəsi keçirib
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə respublikanın şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Müşavirədə hazırda respublikanın şimal bölgəsində yanğınlarla bağlı son vəziyyət və yanğınların tam söndürülməsi istiqamətində atılacaq addımlar müzakirə olunub. Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsində olduğunu vurğulayaraq, yanğınların tam söndürülməsi üçün kifayət qədər potensialın mövcudluğunu diqqətə çatdırıb. O, Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınların nəzarətə götürüldüyünü, bəzi tüstülənmə ocaqlarının söndürülməsi və soyutma işlərinin davam etdirildiyini bildirib. Nazir əlavə edib ki, yanğınların söndürülməsi əməliyyatlarına Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzinin qüvvələri və Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 2 ədəd helikopteri cəlb olunub. Bundan əlavə, yanğınlarla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin və yerli İcra hakimiyyətlərinin canlı qüvvə və texnikaları cəlb edilib. Həmçinin, yanğınların qarşısının alınması işlərində Daxili İşlər Nazirliyi və “Azərsu” ASC-nin əməkdaşları da yaxından iştirak edirlər. Müşavirədə baş vermiş yanğınların tam söndürülməsi istiqamətində görülən işlər geniş müzakirə olunub, zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti üzrə tapşırıqlar verilib. Sonra nazir Kəmaləddin Heydərov yanğın baş vermiş ərazilərə helikopterlə baxış keçirib.
DİGƏR XƏBƏRLƏR

Maaş gecikirsə, hər gün üçün əlavə pul ala bilərsiniz

Türkmənistanda Azərbaycanın Müstəqillik günü qeyd olunub

İrandan Biləsuvara güclü sel gəldi: Sakinlər təxliyə edildi
