“Koroğlu”nu kimlər iflic edib? - GECƏ REPORTAJI

# 11:31
25 yanvar 2022

“Bir neçə il əvvəl Bakı şəhərinin tıxaclarla zəngin olan Koroğlu metrosu və ətraf əraziləri həddən artıq dolu olurdu. Amma hazırda, bu dəqiqə belə metronun ətrafına baxırıq ki, magistralda minlərlə maşın var və biz tıxacdan əziyyət çəkən insanların narazılıq dolu simalarını görürük. Problemin səbəbi nədir? Neçə il keçməsinə rəğmən, nəqliyyat infrastrukturu niyə bu qədər bərbaddır? Bəzi avtobusların dayanacağı nə üçün yoxdur? Hətta deyərdim, burada “manatlıq” taksilər fəaliyyət göstərir. Onların fəaliyyəti də şəhərdə hərəkətin donmasına gətirib çıxarır. Ona görə də indi bizi bir sual maraqlandırır. Kimdir müqəssir?”

 

1972-ci ildə inşa edilən Məşədi Əzizbəyov stansiyası yarandığı gündən bəri bu qədər tıxac görməyib. Ad dəyişib “Koroğlu” oldu, ətrafda körpü kompleskləri tikildi, yollar genişləndirildi, şüşə kimi asfalt töküldü, amma nə fayda? Vəziyyət yüngülləşmək yerinə, daha da gərginləşdi. İndi bu ərazidən rahat keçmək üçün Koroğlunun Qıratı da kömək olmaz...   

 

Səbəbkarı axtarırıq. Bal pətəyinə oxşar nəqliyyat mübadilə mərkəzinin yerləşdiyi ərazidəki acınacaqlı durumun səbəbkarını. İlk üz tutduğumuz qurum hər zaman olduğu kimi yenə BNA-dır...

 

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, qurum öz öhdəsinə düşən işləri mütəmadi olaraq icra edir: “BNA olaraq Koroğlu metrostansiyası ətrafında şəhərin şərq istiqamətində yerləşən ətraf kənd və qəsəbələrdən gələn ictimai nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi üçün bir sıra  infrastruktur layihələri həyata keçirilib. Bunlardan ən başlıcası Koroğlu nəqliyyat mübadilə mərkəzinin yaradılmasıdır. Daha sonra alov parkının yaxınlığında xüsusi ciblər təşkil edildi ki, orada da sərnişinləri düşürtmək istəyən minik avtomobilləri daha nizamlı şəkildə bu prosesi icra etsinlər. Eyni zamanda ərazidə piyadaların yolun qarşı tərəfinə xaotik vəziyyətdə keçməsinin qarşısını almaq üçün yolun hər iki tərəfində məhəccərlər düzüldü. Lakin həyata keçirilmiş bu infrastruktur layihələri məhz sərnişindaşıma ilə bağlı problemlər səbəbindən gözdən düşmüş sayılır”.

 

Doğrudur, çəkiliş əsnasında həmin məhəccərlərin üzərindən hoppanıb qarşı tərəfə keçən sakinlərimizi də gördük. Sadəcə onların məlum davranışlarını sizə təqdim etməyə etiket qaydaları icazə vermir. Qayıdaq problemə. Süni sıxlıqlar nəticəsində baş verən gecikmələr Mais Ağayevin fikrincə, vətəndaşları qanuni sərnişindaşımalardan uzaqlaşdırır. Bu an isə daha əlçatan və qulaq deşəcək qədər uca səslə qışqıran sürücülər  əsər qəhrəmanı kimi dərhal meydana çıxır. Bəs nə etməli? Qurum rəsmisi bu sualı Vergilər Nazirliyi və  Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin birgə cərimələri ilə əlaqələndirir. Lakin Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov problemin vətəndaş məsuliyyətsizliyindən qaynaqlandığını bildirir:

 

“Yol polis əməkdaşı sürücüyə “xahiş edirik, burada saxlamayın”, “maşınları götürün”, “dayanmayın” ifadəsi işlədir. Ancaq hər sürücü “bir dəqiqə” deyib adam düşürdür. Hər bir sürücü 10 saniyə belə dayanırsa, siz təsəvvür edin, görün, nə qədər sıxlıq yaşanır?”

 

Vaqif Əsədov deyir ki, hər yeni qayda pozuntusu özü ilə birgə cərimə də gətirir. Ancaq sürücülər üçün bu cərimələr dayanma-durma qaydaları və qanunsuz sərnişindaşımaya qarşı ciddi əngəl sayılmır: Sərnişindaşıma ilə məşğul olan taksi sürücüləri var ki, ay ərzində 6-7 dəfə bir ərazidə durduğu üçün məsuliyyətə cəlb olunub. Yəni, o dayanmağından, durmağından yorulmur, biz də ona protokol yazmaqdan yorulmuruq. Amma görürsünüz ki, yenə də həmin vətəndaş orada taksi fəaliyyəti ilə məşğul olmaqdan çəkinmir.

 

Hər iki müsahibimizin vicdanlılıq prinsipi əsasında verdiyi açıqlamaları gördükdən sonra nəqliyyat üzrə ekspert Ərşad Hüseynov ilə də əlaqə yaratdıq. O isə bildirdi ki, problemi aradan qaldırmaq üçün əvvəlcə manatlıq taksilərin hərəkət istiqamətlərini müəyyənləşdirmək lazımdır. Çünki ola bilsin, həmin xətt üzrə çalışan avtobuslar ya yararsız durumdadır, ya da heç mövcud deyil: “Qəsəbə və kəndlərin elə yerləri var ki, ictimai nəqliyyat vasitələri həmin yerlərə manevr edib girə bilmirlər. Yaxud iri avtobuslar məcburdurlar ki, salon tam dolana qədər yola çıxmasın. Bəzi insanlar isə tələsdikləri üçün yenə də taksilərə üz tutur. Və bunun qarşısını almaq üçün biz həm orta tutumlu, hətta kiçik tutumlu mikroavtobuslardan marşrut kimi istifadə etmək lazımdır. Onlara dəqiq sxem vermək lazımdır. Elə etmək lazımdır ki, gəlib bir yerə yığılmasınlar. Müştərini götürüb getməlidir”.

 

İndi isə bayaqkı tıxac dolu gecəyə geri qayıdaq. Söhbət bu dayının müsahibəsindən gedir. 

 

 

Və sonda... Görünür ərazidəki vəziyyət təkcə bu qardaşımız üçün maraqlı deyil. Həm də aidiyyatı qurumlar üçün maraqlı görünür. Yoxsa niyə iş görmək yerinə, “vicdan”, “əxlaq”, “mədəniyyət” kimi mənəvi-fəlsəfi açıqlamalar versinlər ki? Üstəlik, bu qurumların işi insanlarda vicdani hisslərini oyadıb, inkişaf etdirmək deyil axı... Vəzifələri konkretdi: həm sərnişinlərin, həm də sürücülərin təhlükəsiz, rahat gediş-gəlişini təmin etmək... Buna əməl etmək, ən azından düzgün formada eləməyə çalışmaq çoxmu çətindi?..

 

 

Mir Çingiz Ağazadə,

Kamran Namazov,

Fariz Quluyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR