Koronavirusa yoluxan xəstələr hansı mərhələdə xəstəxanaya müraciət etməlidir?

# 20:21
18 oktyabr 2021

Operativ Qərargahın 17 oktyabr tarixindəki açıqladığı aktiv xəstə sayı 17039 nəfər olaraq qeyd olunur. Aktiv xəstələrin əksər hissəsi isə evdə müalicə alan koronavirus xəstələridir. Bəs görəsən evdə müalicəsini davam etdirən koronavirus xəstələri hansı mərhələdə xəstəxanaya müraciət etməlidir?

 

Həkim-infeksionist Azər Nağıyevin sözlərinə görə, evdə müalicə olunan koronavirus xəstələrinin saturasiyası 93 faizdən aşağı düşürsə dərhal xəstəxanaya müraciət etməlidirlər:

 

“Hərarət bir gündən artıq, uzağı ikinci gün davam edirsə mütləq şəkildə həkimə müraciət etməlidir. Xəstələr saturasiyalarını evdə ölçürsə, 93 faizdən aşağıdırsa, birmənalı olaraq tənəffüsün pozulduğu üçün bu xəstələr, həkimlərə müraciət edib, xəstəxanaya yerləşdirilməlidirlər”.


Azərbaycan Tibb Universitetinin yolxucu xəstəliklər üzrə müəllimi, həkim-infeksionist Nilufər Məmmədovanın sözlərinə görə, evdə müalicə alan koronavirus xəstələrində əsas  ağırlaşmalar, xəstəliyə yoluxandan 5-10 gün sonra özünü göstərir.

 

”Təngənəfəslik, hərəkət edərkən tənəffüsün sürətlənməsi, boğulmalar müşahidə olunursa, baş ağrıları və kürək ağrıları müşahidə olunursa, diabet xəstələrində şəkərin yüksək olduğu müşahidə olunursa, pasientlər təcili yardıma telefonla bildirməlidir”.


Bəs görəsən ev şəraitində müalicələrini davam etdirən koronavirus xəstələri, həkim məsləhəti olmadan hansı dərmanlardan istifadə edə bilər?

 

Nilufər Məmmədovanın sözlərinə görə, həmin dərmanlar qanlı bəlğəmə və insan sağlamlığında başqa fəsadlara yol aça biləcək təhlükə mənbəyidir.

 

”Qana laxtalanma verən dərmanların özbaşına istifadə və lazımsız dozadan artıq istifadə etməsi, nəyinki qanın bəlğəmə qarışması, həmçinin burundan qan gəlmə və nəcisdə qanın qarışması kimi, siqnalverici simptomlarda müşahidə oluna bilər. Bu simptomlar olduğu tədbirdə, pasient onu izləyən həkimə müraciət etməlidir”.


Həkim, infeksionist Azər Nağıyev isə deyir ki, əhali arasında maarifləndirmə tədbirləri aparılmağına ehtiyac var. Çünki evdə müalicə alan koronavirus xəstələri adətən bir neçə dərmanı bir-birinə qataraq qəbul edir. Nəticədə xəstəlik özünün daha sərt simptomların göstərir. 

 

”Bunlar adətən qızdırmanı salmaq üçün və sistem adını verdiyi, vena daxili infuziyalardır, birdə vitamin və minerallardır. Bir həkim kimi əhaliyə demək istəyirəm ki, həkim məsləhəti olmadan həmin dərmanları almasınlar”.

Həkimlərin sözlərinə görə, son zamanlar həkim məsləhəti olmadan antibiotiklərdən istifadə hallarına da rast gəlinir. Pasientlər onu da bilməlidir ki, virus və bakteriyaların hər birinin ayrı müalicə üsulu var. Antibiotiklər isə adətən bakteriyalar üçün istifadə edilir. Koronavirus xəstələri isə yalnız həkim məsləhəti əsasında antibiotikləri qəbul edə bilər.

Semral Cavad,

Samir Qaragözov,

APA TV



 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR