Koronavirusdan sonra kimlərdə yeni xəstəlik yaranır?

# 11:30
27 oktyabr 2021

Koronavirusa yoluxan xəstələrdə ayaq, bəzən də əl barmaqlarında yaralar meydana gəlməyə başlayıb.

 

APA TV-nin xəbərinə görə, yaraların nədən yaranması barədə Paris Universitetinin ekspertləri araşdırma aparıb. "British Journal of Dermatology" jurnalında dərc edilmiş araşdırmada qeyd olunub ki, "kovid barmaqları" orqanizmin virusa qarşı mübarizəsinin yan təsirinin nəticəsidir.


Ekspertlərin fikrincə sözügedən əlamətlər bütün yaş qruplarında meydana gələ bilir, ancaq daha çox uşaqlarda və yeniyetmələrdə müşahidə edilir. Bu, bəzilərində ağrısız olsa da, digərlərində şiddətli ağrı, gicişmə, yara və şiş müşahidə olunur.

 

Maraqlıdır bu yaralar hansı hallarda yaranır?

 

Həkim-infeksionist Vüqar Cavadzadənin sözlərinə görə, "kovid barmaqları" adı verilən bu simptomlar orqanizm zəiflədiyi zaman üzə çıxır: ”Koronavirusa yoluxan zaman immunitet aşağı düşür və bədən zəifləyir, bu zaman müəyyən orqanlarda ikinci infeksiyanın baş qaldırması və belə irinli infeksiyanın baş qaldırmasına səbəb olur. Yəni koronavirusa yoluxan şəxs birbaşa bu vəziyyətə düşə bilməsə də, dolayı yolla belə hallar nəyinki, dırnaqlar, başqa orqanlarda da yarana bilir”.


Dermatoloq Sevinc Kərimovanın sözlərinə görə, koronavirusa yoluxan şəxslərdə insan dərisini qidalandıran damarlar iltihablanır. Bu zaman ayaqlarda, eyni zamanda bədənin digər nahiyələrində belə simptomlar əmələ gəlir: “Dərini qidalandıran damarların iltihabı səbəbindən barmaqlarda bu cür simptomları görmək olur. Barmaqlarda yalançı “don vurma” simptomları görürük. Xəstələrin aşağı ətrafında, əsasən “mərmər dəri” deyilən simptomlar görürük. Bunların əsas səbəbi koronavirusun periferik damarları zədələməsinin nəticəsidir”.

 

Dermatoloq deyir ki, barmaqlarda yaranan bu simptomların müalicəsi xüsusi dərmanlarla və yalnız həkim məsləhəti əsasında aparılmalıdır: ”Burada müalicə hər xəstə üçün individual aparılır. Burada antibiotiklərdən də istifadə olunacaq, venatoniklərdən də. Bunların müalicəsi sırf fleboloqlar iştirak etməlidir. İltihab əleyhinə dərmanlar, antibiotiklər istifadə oluna bilər, damar tonuslandırıcı dərmanlar istifadə edilə bilər”.


Fleboloq Aynur Hüseynova deyir ki, bu hallar daha çox peyvənd olunmayan şəxslər koronavirusa yoluxan zaman müşahidə edilir. Peyvəndlənmədən sonra "kovid barmaqları"na çox az rast gəlinir.

 

Semral Cavad,

Üzeyir Ağayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR