“Körpü partladılmışdı, bizə dedilər ki, çay da minalanıb” - DÖYÜŞÇÜLƏR MÜHARİBƏDƏN DANIŞIR

# 11:30
1 dekabr 2021

Artıq bir ildir ki, Qubadlı azad nəfəs alır. Azərbaycan xalqı üçün geridə qalan 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu.  Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında düşmənin kapitulyasiya aktını imzalaması ilə başa çatdı.

 

Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın idi.

 

Hərbi əməliyyatlar zamanı qazanılmış qələbələr, xüsusilə Qubadlının düşmən əsarətindən qurtulması müharibənin taleyində mühüm rol oynadı.

 

Azərbaycan ordusu ilk növbədə şəhərə hakim olan yüksəklikləri daha sonra Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndlərini azad etdi. Ondan sonra Azərbaycan silahlı qüvvələri şəhərə daxil olub, buranı da düşməndən təmizlədilər.

 

Məhz bu qələbələrdən sonra noyabrın 10-da Ermənistan öz məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktını imzalamağa, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu. Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-Prezident birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.

 

Qubadlı səfərimiz çərçivəsində döyüş yolu örnək olan oğullarımızla görüşdük. Onların müharibə təəssüratlarını eşitdik. Bu gün Vətənin keşiyində dayanmaqla qürur duyan qəhrəmanlarımızı siz də tanıyın.  

 

Baş gizir Babək Hacıyev deyir ki, onun döyüş yolu Cəbrayıldan başlayıb: “İlk döyüş yolumuz Cocuq Mərcanlıdan yol aldı. Əsas giriş nöqtəmiz isə düşmənin “Ohanyan səddi” kimi qələmə verdiyi həmlələri dağıdaraq Cəbrayılın kəndlərini işğaldan azad etmək üçün hücuma başladıq. Cəbrayılı azad etdik. Bundan sonra Cəbrayılın Daşveysəlli, Dağtumas kəndindən keçərək Qubadlının Balasultanlı istiqamətinə doğru gəldik.  Gecəyarı bizə döyüş əmri verildi. Səhər düz 5-6 radələri olardı, Balasoltanlıdan Padara yol aldıq və kəndə girdik. Padardan Həkəri çayının sahilinə gəldik, həmin vaxt körpü partladılmışdı, bizə dedilər ki, çay da minalanıb ki,  Azərbaycan ordusu çaydan keçə bilməsin. Beləliklə çay minalardan təmizləndi və Azərbaycan Ordusu çaydan keçərək Qubadlının ən yüksək nöqtəsi olan “833” yüksəkliyinə qalxdıq.  Bayrağımız ilk olaraq o yüksəkliyə sancıldı. Döyüş yolumuz ağır oldu, şəhidlərimiz oldu. Amma sonunda şükür ki, biz torpaqlarımızı azad etdik. Azərbaycan Ordusunun gücü, şücaəti nəticəsində erməni ordusu silah sursatını, texnikasını, mövqelərini qoyub qaçdılar. Cənab Ali Baş Komandanın güclü iradəsi nəticəsində biz buna nail olduq. Bura çatdıq. Laçına gedən yolumuz da açıldı. Bu gün dəhliz açıqdır. İnşallah tezliklə Laçın Hava Limanı da  hazır olacaq. Bu böyük bir addımdır”.

 

Sevinc Vaqifqızı,

Ziya Allahyarov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR