Kür çayı üzərində möhtəşəm körpü tikilir

# 13:20
26 aprel 2022

İşğaldan azad olunan ərazilər və sərhədyanı rayonların iqtisadiyyatının inkişafına təkan vermək məqsədi ilə nəqliyyat və yol infrastrukturu sıfırdan qurulur. 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, həm azad olunan ərazilərdə, həm də ölkəmizin paytaxtı və digər bölgələrindən həmin  ərazilərə istiqamətlənən dəmir və avtomobil yolları beynəlxalq standartlara uyğunlaşdırılır. Elə bu məqsədlə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində meqalayihə olan dəmir yolu körpüsü tikilir.

Tikilməkdə olan dəmir yolu körpüsü Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin  Ələt-Osmanlı hissəsində inşa edilir. Paralel olaraq körpüyə birləşəcək yeni dəmir yolu xəttinin çəkilməsi istiqamətində də tikinti işləri görülür. Hazırda ərazidə torpaq bərkitmə işləri və dəmir yolu xəttinin torpaq özülü salınır.

İnşa olunan yeni körpünün tam uzunluğu 270,58 metr olacaq. 4 aşırımlı körpünün orta aşırımlarının uzunluğu 111,4 metr, kənar aşırımların uzunluğu 18,7 metrdir.

Körpünün tikintisi zamanı 36 metr uzunluğunda 100-dən artıq svay vurulub. Körpünün inşasında böyük həcmdə dəmir-beton işləri görülüb.

Körpüdə işlər yekunlaşdıqdan və dəmir yolu xətti işə salındıqdan sonra, bu vaxta kimi mövcud olan, yaşı 1 əsrə bərabər körpü demontaj olunacaq. Daha sonra körpünün yerində daha bir yeni körpü qurulacaq.

Körpüdən keçən dəmir yolu xəttində həm iri həcmli yükdaşımalar, həm də sərnişindaşıma həyata keçiriləcək.

 

Əlibəy Zeynallı

Elçin Həsənov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR