Kür qırağında yaşayanlar niyə su tapa bilmir? - İNANILMAZ SƏBƏB

# 14:47
19 aprel 2022

“Son zamanlar Kür çayında suyun səviyyəsinin azalması suvarmada su itkisini qarşısının alınmasını önə çəkir. Belə ki, mütərəqqi suvarma üsulları ilə yanaşı torpaq məcralı kanalların belə beton kanallarla əvəzlənməsini vacib edir.”

İsti yay ayları müşahidə olunan Mil-Muğan ərazisində yerləşən Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Yevlax, Ucar və digər Kür ətrafı rayonlarda suvarma suyundan istifadədə böyük su itkilərinə yol verilir.

APA TV-nin əməkdaşları Sabirabad rayonunun Polad Toğayı və Yaxa dəllək kəndlərində suvarmanın aparılması və bu yöndə yaranan problemləri araşdırıblar. Fermerlər şikayətlənir ki, Kür çayında su olmayanda bunu anlayışla qarşılayırıq, təbiətin işidir deyib əziyyətə dözürük.  Amma dərd odur ki, Kürdə su olanda da suyu sahələrə çatdırmaqda problemlər yaşanır.

Fermerlər bildirir ki, uzun illər əvvəl qurulan suvarma sistemləri dağılıb. İnfrastruktur yenilənməsi isə ya getmir, ya da ləng gedir. Onların sözlərinə görə, çox vaxt fermerlər öz ciblərindən vəsait xərcləyərək problemləri həll edirlər. Bu da onların gəlirlərini azaldır.

Əsas su itkiləri suvarma suyunun sahələrə torpaq kanallarla aparılmasında baş verir.

Üz tutduq Sabirabad suvarma sistemləri idarəsinə. Soruşduq ki, niyə sakinlər öz ciblərindən vəsait xərcləyib problem həll etməli olur?

Aqrar Elmləri Doktoru Mehman Rzayev isə deyir ki, təcili şəkildə daha mütərəqqi  suvarma sistemlərindən istifadə etmək lazımdır.

Qeyd edək ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” ölkə prezidentinin sərəncamı ilə müvafiq su komissiyası yaradılıb. Su itkilərinin qarşısı alınması istiqamətində  Nazirlər Kabineti tərəfindən “Kür çayının aşağı axınında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalanıb. Sərəncamda Kür çayının aşağı axarına az sululuq dövründə suqəbuledici qurğuların fəaliyyətində yaranan problemlərin və çayın mənsəb hissəsində müşahidə edilən suyun duzlaşma dərəcəsinin artmasının qarşısının alınması məqsədilə “Azmelsutəsərrüfat” ASC-yə tapşırılıb ki, texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanmaqla Kür çayının aşağı axarındakı suqebuledici qurğuların normal istismarı üçün suyun səviyyəsinin tənzimlənməsi və mənsəb hissəsində suyun duzlaşma dərəcəsinin artmasının qarşısının alınması ilə bağlı təxirə salınmadan müvafiq tədbirlərin görülməsini təmin etsin.

Əlibəy Zeynallı

Elçin Həsənov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR