Laçın və Zəngilan hava Limanları nə zaman hazır olacaq? - VAXT AÇIQLANDI

# 12:56
29 iyun 2022

 

Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa olunan iki tunel Kəlbəcər rayonunun ən önəmli layihələrindəndir. Layihə Murovdağ silsiləsindən başlayır və gələcəkdə Kəlbəcərə ən asan və qısa yol olacaq. Murovdağ tunelində yüksəklik 1700 metrdən, 3250 metrədək artır. Bu dünyanın ən uzun avtomobil tunellərindən biri kimi səciyyələndirilə bilər. Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan iki ehtiyat keçidin tikintisi artıq yekunlaşıb. Tunelin tikintisi 2025-ci ildə tam bitəcək. Kəlbəcərdə ən mühüm layihələrdən biri də Kiçik Su Elektrik Stansiyalarının istifadəyə verilməsidir. Elə buna görə də, Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tikilib. İyunun 26-da Kəlbəcərə səfər edən dövlət başçısı isə bu stansiyanın açılışında iştirak edib. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək "Kəlbəcər-1" kiçik su elektrik stansiyasında maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformator quraşdırılıb. Burada 110/6 kv-luq yarımstansiya da inşa edilib. Yarımstansiya tam müasir tələblərə cavab verir. Qeyd edək ki, işğaldan azad olunan ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Vətən müharibəsində Qələbədən sonra ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2” və “Kəlbəcər-1” Kiçik Su Elektrik stansiyaları tikilib istifadəyə verilib. İndiyədək bu stansiyalarda 30 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Füzuli rayonundan sonra Laçında da Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Dövlət başçısı səfər çərçivəsində Laçın hava limanının tikintisi ilə də tanış olub. Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, uçuş-enmə zolağının eni 60 metr, perronun sahəsi 50 min kvadrat/metr, yönəldici yolların sahəsi 8 min kvadrat/metr təşkil edəcək. Laçın və digər rayonların içməli suya olan tələbatı da nəzərə alınır. Bunun üçün Həkəri çayından istifadə ediləcək. Dövlət başçısı Laçın rayonuna səfərində Həkəri çay Su Anbarının layihəsi ilə tanış olub. Başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. Qeyd edək ki, Həkəridə tutumu təxminən 90 milyon kubmetr olan su anbarı tikməklə buradakı təmiz, genetik faydalı suyu 254 kilometr uzunluğunda magistral yolla Sabirabada qədər gətirmək mümkündür. Artıq bu sahədə müvafiq tədqiqatlar aparılıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR