Laçında əzəmətli aeroport tikilir

# 18:51
7 mart 2023

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun növbəti iclası Füzuli rayonunda keçirilib.

Füzuli Beynəlxalq Hava Limanında baş tutan iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə infrastrukturunun bərpası, tikintisi və yenidən qurulması üzrə qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı görülmüş işlər və perspektivlərlə bağlı aidiyyəti qurumların hesabatları dinlənilib.

İclası giriş sözü ilə açan İşçi Qrupun rəhbəri, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Hava Yolları” və “Azərbaycan Dəmir Yolları” QSC-lər üzrə nəqliyyat və rabitə sahəsinə aid ümumilikdə 66 tədbir müəyyən olunub. Nazir müavini bildirib ki, Laçın Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının və sükan yolunun, perronun, terminal və köməkçi binalarının tikintisi üçün layihəyə uyğun torpaq qazma işləri aparılır və bu işlərin 37%-i icra edilib. Bundan başqa, Bərdə-Ağdam dəmiryol xəttinin də bir hissəsi hazırdır. Ümumi uzunluğu 47 km olan yolda işlərin 66 %-i icra edilib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov isə bildirib ki, Ağdam şəhərində yolların və kommunikasiya şəbəkəsinin tikintisi Azərbaycanda ilk dəfə olaraq vahid konsepsiya əsasında həyata keçirilir:

"Artıq layihələndirmə yekunlaşıb, ekspertiza da yekunlaşmaq üzrədir. Biz gözləyirik ki, bu ay tender prosedurlarını həyata keçirməyə başlayacağıq. Eyni qayda ilə Füzuli şəhərində və digər yaşayış məntəqələrində də yol və kommunikasiya layihələri icra olunacaq.

Azərbaycan hökuməti Tərtər rayonunun Talış kəndində ilk faza üzrə bərpa və quruculuq işlərini bu ay yekunlaşdırmağı planlaşdırır.

Bundan sonra ora da bizim keçmiş məcburi köçkün soydaşlarımız qayıda biləcəklər. Hazırda bu istiqamətdə həm yol infrastrukturu, həm də kommunikasiya xətləri üzrə işlər yekunlaşmaqdadır".

Daha sonra Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi rəhbərinin müavini Sultan Hacıyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndəsi Elmir Vəlizadə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, həmçinin digər iştirakçılar çıxışlarında Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyəti, onların icrasının İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə aidiyyəti qurumlar tərəfindən həyata keçirilməsi, ərazilərdə mina təhlükəsizliyi üzrə tədbirlərin daim nəzarətdə saxlanılması, yeni salınacaq yaşayış məntəqələrinə əhalinin köçürülməsi və məşğulluğunun təmin edilməsi və digər vacib məsələlər barədə qarşıda duran vəzifələrdən danışıblar.

Səfər müddətində həmin ərazilərdə icra edilən bəzi layihələrə, o cümlədən Əhmədbəyli Füzuli-Şuşa 4-6 zolaqlı avtomobil yoluna, yolboyu inşa edilən bəzi viaduklara, cari ildə tikintisi başa çatacaq Füzuli-Hadrut avtomobil

yoluna, Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyası ərazisinə, mobil rabitə operatorlarının bəzi radiobaza stansiyalarına baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR