Masallının bu kəndlərində xəstələndinsə, ölümlə üz-üzəsən - APA TV

# 15:47
3 oktyabr 2022

Masallı rayonunun Sərçuvar kənd məntəqəsi bərbad və qəzalı vəziyyətdədir.

APA TV xəbər verir ki, Sovxoz vaxtı bina əvvəl məktəb, sonra idarə binası kimi fəaliyyət göstərib. Kənddə tibb məntəqəsi yaradılanda, tibbi heyət üçün hazırkı bina seçilib. Həkim məntəqəsinin qəzalı olması və peşəkar kadrların olmaması daha çox yerli sakinləri narahat edir. Sakinlərin sözlərinə görə,  tibb məntəqəsində imkanlar məhdud olduğundan xəstəlik və ya xəsarətlə nəticələnən ən xırda hadisə vaxtı da rayon mərkəzinə getməli olurlar.

Hazırda məntəqə iki kəndə, Sərçuvar və Sirəbil kəndlərinə xidmət edir. Burada əsasən uşaqların peyvəndləmə və vaksinasiya işləri görülür.

Məsələ ilə bağlı TƏBİB – in şöbə müdiri Zamirə Ədilovadan münasibət öyrənməyə çalışdıq. Qurum rəsmisinin cavabı isə bundan əvvəl dediklərindən elə də fərqli olmadı. Şöbə müdiri deyib ki, İcbari Tibbi Sığorta sisteminə keçidlə əlaqədar aparılan islahatlar çərçivəsində rayon mərkəzi xəstəxanalarının strukturunda, o cümlədən ilkin səhiyyə xidmətinin strukturunda təkmilləşdirmə işləri aparılır. Bunun da nəticəsində poliklinikaların və kənd sahə xəstəxanalarının bazasında Ailə Sağlamlıq Mərkəzləri yaradılıb.

Deyilənlərdən belə çıxır ki, Sərçuvar və Sirəbil kəndlərinin sakinləri hələ iki il də çətinliyə dözməli olacaq. Camaat çalışın nə ilan sizi sancmasın, nə gün vurmasın, nə də soyuqlamayın, bir sözlə çalışın iki il həkim və müalicə sözlərini yada salmayın.

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Masallı

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR