Məcburi köçkünün mərmi düşən evi indi hansı vəziyyətdədir?

# 12:45
26 oktyabr 2021

Sahib İsmayılov Kəlbəcər rayonunun Susuzluq kəndindən məcburi köçkün düşüb. Gənc yaşlarında dədə-baba yurdunu, ev-eşiyini qoyub, ailəsini götürüb çıxmaq məcburiyyətində qalan həmsöhbətimiz Tərtər rayonuna sığınıb. Şəhərin Elman Səfərov küçəsində özünə ev qurub. 62 yaşlı ev sahibi bu evdə oğul evləndirib, qız köçürüb. Ancaq illər sonra onun bu evi də erməni ordusunun hədəfinə çevrilib. Həyətinə düşən raket demək olar ki, evi darmadağın edib. Sahib İsmayılov deyir ki, ailəsini evdən çıxarandan qısa zaman sonra raket atılıb: “Oktyabr ayının 26-da dağılmışdı bu ev. Raket nəticəsində. Ailəliklə evdə idik. Top, raket atırdı. Haradasa axşam tərəfi saat altı radələrində mən ailəni (hətta evdə körpə uşaq da var idi) sığınacağa çıxardırdım. Haradasa, çıxardandan beş-altı dəqiqə sonra smerç raketi düşüb bu evi dağıtdı....”

Bəli, ötən il, tarixin bu günü idi... Tərtər şəhəri və onun kəndləri artilleriya atəşinə məruz qalmışdı. Əli günahsız , dinc əhalinin qanına bulaşan erməni terrorçuları rayonu ağır artilleriya qurğuları ilə yanaşı reaktiv və uzaq mənzilli raketlərlə də atəş altında saxlayırdı. Elə Sahib İsmayılovun evinə də dağıdıcı qüvvəsi böyük olan raketlərdən biri düşmüşdü. Vətən müharibəsi bitdikdən sonra Azərbaycan Dövləti atəş nəticəsində dağılan evləri bərpa edir. Sahib İsmayılovun mina düşən bu həyətində də onun üçün yeni ev tikilib.  Köhnə evin dağıntıları olan yerdə isə açıq hava muzeyi yaradılaraq Azərbaycan xalqının başına gətirilən terror aktlarının gələcək nəsillərə təbliğ edilməsi nəzərdə tutulur:  “Bu nümunəvi qalıb. Terrorçular bunu bu vəziyyətə qoyduğu üçün xarici ölkələrdən, öz ölkəmizdən gələn nümayəndələr baxsınlar görsünlər ki, erməni terroru nə işlər görüb, nə vəziyyət yaradıb, dinc əhaliyə raketlərdən atəş açıb.”


Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə  bildirir ki, dağılan evin muzey kimi saxlanmasında əsas məqsəd erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırmaqdır: “Bu gün gördüyünüz bu evi açıq havada muzey kimi qoruyub saxlayırıq. Məqsəd yeniyetmələrə, gənc nəsillərə, həmçinin rayona gələn yerli və xarici qonaqlarımıza erməni vəhşiliyini əyani olaraq göstərməkdir. Həmçinin burda gələcəkdə turizm marşrutuna  salınması məsələsi gündəmdədir. Burada həmçinin Tərtər rayonunda digər zərər dəymiş evlərin şəkillərindən ibarət lövhə hazırlansın.”

Muzeydə Tərtər ərazisinə düşən 21 ədəd uzaq mənzilli raketin qalıqları, partlamamış və zərərsizləşdirilmiş döyüş sursatları, digər evlərdən müəyyən əşya və fotoşəkillər, həmçinin, Vətən müharibəsi zaman düşmənin törətdiyi terror xronologiyasını əks etdirən informasiya lövhələrinin də qurulacağı planlaşdırılır.


Elgün Gəncimsoy, Arzu Quliyev, APA TV – Tərtər  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR