Media nümayəndələri Şirvan Reabilitasiya Mərkəzində qazilərə göstərilən xidmətlərlə tanış olublar

# 17:18
18 may 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şirvan Reabilitasiya Mərkəzində Vətən Müharibəsi qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olmaq üçün mediatur təşkil edilib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlik tərəfindən son illərdə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm işlər aparılıb. 2019-2020-ci illərdə və cari ilin ilk rübündə Şirvan şəhərindəki Reabilitasiya Mərkəzi də daxil olmaqla 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidən qurmadan sonra, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Elxan Əzizov deyir ki, 1300-dən artıq qazimiz tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində sosial psixoloji yardım və reabilitasiya vasitələri ilə təmin edilib: “Bu işlər bizim həkim reabilitoloqlar, psixoloqlar və eyni zamanda loqopedlər  tərəfindən həyata keçirilir. Tibbi-Sosial Ekspertiza sahəsində 50-dən artıq bizim qazilərimizə müxtəlif yəni  1-ci, 2-ci və 3-cü dərəcəli əlilliklər təyin edilib. Hal-hazırda bu istiqamətdə müraciətlərə baxılır və işlər davam etdirilir”.

Bundan başqa, 17 hərbçi yüksək texnologiyalı müasir protezlə, əlavə olaraq 650 müharibə əlili 4460 reabilitasiya vasitəsi, o cümlədən 71 qazi mühərrikli təkərli oturacaqla təmin edilib.

Daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün müvafiq ölçülər götürülüb. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb.

Reabilitasiya Mərkəzində müalicə alanlardan biri də Nicat Əsədovdur: “Suqovuşan istiqamətində yaralanmışam. Çox sağ olsunlar köməklik edirlər. 10 gün burda müalicə aldım. Burda əzələlərim masaj olundu, sinirlərimə görə “tok” verdilər, bud-çanaq oynağının güllə yarası almışam”.

Elsevər Cəfərov isə döyüşlərə könüllü qatılıb: “Manqa komandiri idim, oktyabrın 28-də Füzuli şəhərində yaralanmışam. Minaatandan yaralanmışam. Masaj, psixoloji yardımlarla yanaşı, sol budumdan qəlpə yarasına görə müalicə alıram”.

Qazi Şamil Süleymanov isə Xocavənddə yaralanıb: “Noyabrın 7-də Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmışam. Çoxsaylı qəlpə yaraları almışam. Həkimlərin sayəsində müalicələrimiz davam edir. Əvvəlkinə baxanda səhhətim tədricən yaxşılaşır. Qəlpə ağrıları azalır. Ultra aparatla müalicə aparılır. Xidmətlər yüksək səviyyədədir”.

Jurnalistlərə reabilitasiya sistemində də elektron texnologiyaların geniş tətbiqi, yeni qurulan “Reabilitasiya” altsistemi, ona uyğun veb-əsaslı növbəlilik sistemi, Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sistemi barədə də məlumat verilib.

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR