Məğlub Ermənistanda “günah keçisi” axtarışı: MİNLƏRLƏ HƏBS...

# 19:59
29 sentyabr 2021

İkinci Qarabağ müharibəsində yaşadığı məğlubiyyətlə barışa bilməyən Ermənistan hakimiyyəti bacarıqsızlığının və səriştəsizliyinin günahını vətəndaşlarından çıxır. Belə ki, Ermənistanda ağır məğlubiyyətə görə, 2000-dən çox şəxsə cinayət işi açılıb.

 

APA TV-nin xəbərinə görə, bu cinayət işləri döyüş əməliyyatları üçün nəzərdə tutulmuş silah və partlayıcı qurğuların qaçaqmalçılığı və ya qəsb edilməsi, hərbi xidmətə çağırışdan yayınma, əmrlərə tabe olmamaq, xidmət yerindən qaçmaq, hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etmək, hərbi vəzifə və ya hərbi xidmət qaydalarını pozmaq, xidmətə laqeyd yanaşmaq halları ilə bağlıdır.

 

Deputat Tahir Rzayev deyir ki, hər hansı bir dövlət qəddarlığı, millətçiliyi və faşizmi təbliğ edirsə o millətin axırı yoxdur: “Ermənistan yarandığı gündən bu yolu tutub. Onların qanına hopub bu millətçilik, qonşulara qarşı ərazi iddiaları ilə çıxış etmək,  saxtakarlıq. Təəssüflər olsun ki, Ermənistan tarixin dərslərindən nəticə çıxarmır. İllər boyu düşdükləri o zülm, zillət və zəlalətin aradan qaldırılması üçün hər hansı yollar axtarmır. Hansı dövlətdə ki, nizam-intizam yoxdur, düzgün siyasət yeridilmir, o dövlət ki özünü başqalarından üstün tutur o dövlətdə bu cür özbaşınalıqlar olacaq”.

 

Deputat deyir ki, Ermənistanın açıqladığı rəqəm həqiqətdən dəfələrlə azaldılmış rəqəmdir. Çünki bu kimi problemlər hələ 44 günlük müharibənin gedişi zamanı da müşahidə edilirdi. Təkcə Ermənistan ordusunun əsgərləri deyil, yüksək rütbəli zabitləri də döyüş meydanını qoyub qaçırdılar. Elə paytaxt İrəvanda keçirilən mitinqlər zamanı da erməni qadınları uşaqlarının aldadılaraq döyüşə aparıldığını dəfələrlə bəyan edirdilər: “Ermənistan revanş etmək istəyir. Hansı qüvvə, hansı vəsait, hansı hərbiçi ilə? Bunlara başına gələnlər dərs olmur. Cənab Prezident bütün müsahibələrində çıxışlarında deyir ki, biz hər zaman sülhün, əmin-amanlığın tərəfdarıyıq. Dəfələrlə danışıqlara gəlməyi təklif etmişik. Paşinyan, Sarkisyan üçün torpaq, xalq məfhumu yoxdur, Onları ən çox düşündürən vəzifəyə gəlmək, xalqını aldadıb talamaq, bir də xarici ağalarının buyruqlarını yerinə yetirməkdir. Hərbi təlim görməmiş əsgər qaçmaqdan başqa nə edə bilər ki? Qaçmasının qarşısını alan komandirini güllələyib canını qurtarır”.

 

Hərbi ekspert Ruslan İmamquliyev isə deyir ki, cinayət işlərinə Azərbaycan Ordusunun Şuşa şəhərinə qədər irəliləməsinin qarşısının alınmaması, Hadrut şəhərinin, Xocavənd rayonunun kəndlərinin əldən verilməsi ilə bağlı ittihamlar da daxildir.

 

Hərbi əməliyyatlar zamanı komandirlərin yol verdiyi taktiki səhvlər, döyüşlərin idarə edilməsindəki özbaşınalıq halları da araşdırılan məsələlər sırasındadır: “Biz davamlı olaraq deyirik ki, torpaqlarımızı işğal edən “Ermənistan Respublikası” elə “ordusu” əslində onlar terrorist qüvvələrdir biz onları öz ərazilərimizdən anti-terror əməliyyatları ilə qovub çıxardıq.  Bu gün Ermənistan siyasilərinin bu cür istintaqları keçirməsi bu faktları tam olaraq öz üstlərinə götürməsi deməkdir”.

 

Ermənistanın Baş Prokurorluğu eyni zamanda, itkin düşən, əsirlikdə olan hərbçilərin valideynlərinin aldadılaraq onlardan pul alınması, habelə dövlətə xəyanət halları ilə bağlı da istintaq araşdırması aparır.

 

Bütün bunlar da deməyə əsas verir ki, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilənlərin sayı dəfələrlə artacaq. Saxlanılanlar arasında isə Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri də var.

 

İlahə Vəliyeva,

Üzeyir Ağayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR