Məhsullarını Rusiya bazarına çıxaran fermerlərin dad-amanı

# 17:36
29 mart 2022

Pomidor, xiyar, göyərti və sair tərəvəz məhsullarını Rusiya bazarına çıxaran fermerlər böyük müşkülə düşüb.

Sahibkarların APA TV-nin yerli bürosuna verdikləri xəbərə görə, Rusiyaya tətbiq olunan beynəlxalq maliyyə sanksiyaları ilə bağlı istehsal olunan tərəvəz məhsullarının satılmasında ciddi problemlərlə qarşılaşırlar.

Fermerlər deyir ki, rus rublunun dəyərdən düşməsi malların satışından əldə edilən gəliri azaldır. Digər tərəfdən satışdan əldə olunan rus rublu ABŞ dollarına dəyişmək də ayrı bir dərddir.  Fermerlər bildirir ki, valyuta mübadiləsi məntəqələrində ABŞ dolları yoxdur. Rus rubluna ABŞ dollarını qanunsuz olaraq ancaq qara bazardan almaq olur ki, bu da risklidir və həm də ölkədən çıxarılmasında məhdudiyyətlər var. Belə olan halda həm qiymətlər sərfəli deyil və həm də yaranmış məhdudiyyətlərə görə Rusiya bazarlarına malların daşınması qeyri-mümkün olub.

Fermerlər tərəvəz məhsullarını daxili bazarlarda satmaq məcburiyyətində qalırlar ki,  daxili bazarda da təklif tələbatı üstələyir. Daxili bazarda əldə edilən gəlir xərcləri belə ödəmir. Fermerlər bildirir ki, qazın və gübrənin xərcləri düşdükləri vəziyyəti bir qədər də çətinləşdirir.

 

Məsələ ilə əlaqədar ekspertlərin rəyini öyrəndik. Ekspertlər bildirir ki, bu istiqamətdə hökumət tərəfindən istixanaların fəaliyyətinin tənzimlənməsi çox vacibdir. Rəşad Həsənov bildirdi ki, indiki şərtlər daxilində istehsal olunmuş məhsullar və onların realizə imkanlarının məhdudlaşmasından qaynaqlanan çətinliklər və bunun aradan qaldırılması üçün qısamüddətli həll yolları tapılmalıdır. Çünki sahibkarların zərər etməsi artıq növbəti dövrlərdə kənd təsərrüfatına investisiya qoyuluşlarını azalda bilər.

Ekspertin sözlərinə görə, satışların zəifləməsi son nəticədə istehsalata bağlanmış borc öhdəliklərinin həyata keçirilməsində də risklər yaradacaqdır. Təbii bunun aradan qaldırılması üçün planlar hazırlamaqla bərabər, uzunmüddətli həll yolları da  tapılmalıdır.

İqtisadçı həmçinin bildirdi ki,  bənzər forsmajor risklərin kənd təsərrüfatı sahəsində yaratdığı problemləri nəzərə alaraq aqrar sığorta modelinin təkmilləşdirilməsi təşəbbüsü ortaya qoyulmalıdır.  

Əlibəy Zeynallı

Elçin Həsənov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR