Məktəblərdə imtahanların sayı azaldılır

# 17:46
16 sentyabr 2021

"Son 15 ildə 3500-dən çox yeni məktəb tikilib və əsaslı təmir olunub".

 

APA TV-nin xəbərinə görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim zamanı təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

 

Onun sözlərinə görə, ölkədə 4400-dən çox məktəb var. Bu məktəblərin əksəriyyəti rayonlarda, kəndlərdə yerləşir: “Bunlar bizə Sovet İttifaqı dövründən miras qalıb. O vaxt o məktəblər uyğun olmayan binalarda formalaşmışdı. Bundan sonra da xüsusi investisiya proqramına uyğun olaraq ölkənin bütün məktəbləri müasir tələblər səviyyəsində əsaslı təmir olunacaq və harada lazım olsa, yeniləri tikiləcək. Bildiyiniz kimi, ən ucqar kəndlərdə modul tipli məktəblərin də tikintisi davam etdirilir”.

 

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov isə bildirib ki, məktəblərdə qiymətləndirmə konsepsiyasına yenidən baxılır və hansısa qiymətləndirmə azaldılaraq, daha az sayda mərkəzləşdirilmiş imtahanlar ola bilər. Onun sözlərinə görə, növbəti illərdə kurikulum daha da sadələşdiriləcək.

 

Bu tədris ilindən V siniflərdə 132 məktəbdə pilot olaraq yeni dərslik tətbiq olunacağını deyən Təhsil İnstitutunun direktoru onu əlavə edib ki, bu, "Təbiət" dərsliyidir. Yeni dərslik tamamilə bacarıq, tədqiqat istiqamətdə dərslərin keçirilməsinə əsaslanır.

 

İlahə Vəliyeva Samir Qaragözov APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR