Məleykə Abbaszadə təhsil ekspertlərini sərt tənqid etdi

# 15:34
16 avqust 2022

 

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51881 plan yeri ayrılıb. APA TV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, ötən il plan yeri 49998 idi: “Müqayisə etsək bu il 2546 yer daha çoxdur. Plan yerlərinin 23627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur”. Məleykə Abbaszadə qeyd edib ki, bu il tam orta təhsil bazasından məzun olanların sayı 92699 nəfərdir: O bildirib ki, bu il müsabiqəyə buraxılan abituriyentlərin sayı təxminən plan yerlərinin sayı qədərdir, lakin ixtisas qrupları üzrə ayrıca rəqəmlərə baxsaq fərqli müsabiqə vəziyyətinin yarandığını görürük. DİM sədrinin sözlərinə görə, ümumi balı ən azı 150, imtahanın ikinci mərhələsindən balı ən azı 50 olanlar da müsabiqədə iştirak edə bilərlər. Həmin ixtisaslar üzrə ümumilikdə plan yeri 10620-dir: “Ancaq nəzərə almaq lazımdır ki, bu ixtisasların müsabiqəsində 200-dən artıq bal toplayan abituriyentlər də iştirak edə bilərlər”. Məleykə Abbaszadə bildirib ki, bu il reytinqli universitetlərin informasiya təhlükəsizliyi ixtisasına daha yüksək ixtisas balı formalaşacaq. “10 il əvvəl kimsə desəydi ki, hüquq ixtisasının keçid balı informasiya təhlükəsizliyi ixtisasından aşağı olacaq, heç kim inanmazdı. Artıq bu, reallıqdır. İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquq ixtisasından yüksək olacaq". DİM sədri Magistraturanın boş qalan plan yerlərindən də danışaraq bildirib ki, magistraturaya ayrılan plan yerlərinin sayı keçən illə müqayisədə təxminəm 2000 artıb: “Keçən il 10338, bu il isə 11228 nəfər magistratura səviyyəsinə qəbul olub. Bu da çox yüksək səviyyədir”. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda təhsil ekspertlərinin fəaliyyətini tənqid edib: “Saytımızda elan etdiyimiz məlumatları təkrarlayanlar özlərini ekspert adlandırır, bu məlumatlar hər kəsə açıqdır. İstənilən şəxs həmin məlumatı əldə edə bilər. Qonşu ölkələrdə təhsil ekspertlərin çıxışına baxın, bir də bizim ölkədə. Bu sahədə xidmət edən şəxslər onlara daha çox müraciət edilməsini istəyirlər. Çünki bu, onlar üçün biznesdir”. O əlavə edib ki, valideynlər hansısa izaha ehtiyac duyanda məlumat üçün DİM-in mütəxəssislərinə müraciət edə bilərlər.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR