Meşəli şəhidlərinin xatirəsi anılıb

# 20:18
23 dekabr 2021

Ağdamda Xocalının Meşəli kəndində şəhid olan soydaşlarımızın xatirəsi anılıb.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, bir qrup Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polis zabitləri və şəhid ailələrinin üzvləri Ağdamda bir araya gələrək, Xocalı rayonunun Meşəli kəndində şəhid olanların xatirəsini yad ediblər. İlk olaraq şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub.

Daha sonra Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində toplaşan tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd olunub ki, Xocalı soyqırımına gedən yol Meşəli və digər kəndlərdən başlayıb. Tədbirdə bildirilib ki, 1991-ci il dekabrın 23-də Ermənistan silahlı qüvvələri və onun muzdlu döyüşçüləri tərəfindən Meşəli kəndi böyük vəhşiliklə və amansızlıqla yer üzündən silinib. Səhər saat 7 radələrində erməni silahlı qüvvələri kəndi mühasirəyə alıb, bütün evləri yandırıblar. Ermənilər 30 nəfərdən artıq azərbaycanlını (qocaları, qadınları, uşaqları) qətlə yetirib, bir neçəsini isə yandırıblar. İtkin düşənlər olub, kənddə 3 evdən sağ çıxan olmayıb, 12 nəfər qadın, uşaq, qoca diri-diri yandırılıb.

Həmin gün kəndin müdafiəsinə qalxan Ağdam rayon Polis İdarəsinin nəzdində yaradılan xüsusi təyinatlı polis alayının tərkibində döyüşən iki döyüşçü əməkdaşın qəhrəmanlığı sayəsində 280 nəfərdən çox kənd sakini canlarını qurtara bilib. Azərbaycanın Milli Qəhrəmanı Rüstəmov Hidayət Eldar oğlu və Ağayev Faiq Alış oğlu həmin gün kənd sakinlərinin həyatını xilas etdikdən sonra qəhrəmancasına şəhid olublar. Ehtiyatda olan polis zabiti Hüseyn Məmmədov deyir ki, bu iki nəfər hər ikisi düşmənlə qəhrəmanlıqla vuruşub: “Bu iki nəfər hər ikisi onların qarşısında dözüm sərgilədi. Kənd camaatını oradan xilas elədilər. Yəni onlarla döyüşmək... – onlar az olsalar belə onlara erməni döyüşçüləri yaxın dura bilmirdi. Onlar axıra kimi döyüşdülər. Onlar demək olar ki, öz həyatlarını torpağa, o camaata qurban verdilər. Yenə də şəhid olana qədər onlar oradan geri çəkilmədilər.”

Hidayət Rüstəmov və Faiq Ağayev boş evlərin birində özünə mövqe seçərək ermənilərin hücumunun qarşısını almağa çalışıblar. Ehtiyatda olan polis zabiti Hamlet Quliyev deyir ki, onlar öz şücaətləri ilə fərqlənib: “Rüstəmov Hidayət, Ağayev Faiq əvvəl günlərdən nəyin ki, Xankəndinin yaxınlığında olan, Şuşanın kəndləri, Xocalının kəndləri, Xankəndimizin kəndlərində - onlar Ağdərənin, Xocavəndin, Bütün Qaradağlıdır, Xocavənd ərazisində olan Xocavəndin Xocavənd kəndidir, Əmralılardır, Ağdamın Abdal, Gülablıdır, Şellidir, Mərzili, Qalayçılar, Əlimədədli, Əliağalı, Sıxavənd kəndlərində bütün keçirilən əməliyyatlarda iştirak etmişdilər və onlar öz şücaətləri ilə fərqlənmişlər.”

Azərbaycanın Milli Qəhrəmanı Hidayət Rüstəmovun qardaşı hər iki qəhrəmanı qürur hissi ilə xatırlayır: “Onu o vaxtı elə Meşəlidən gələn qadınlar-qızlar, nə bilim gəlinlər... onlar özləri istəyirdilər ki, bu oğlanlara milli qəhrəman adı verilsin. Çünki, bunların orada fəaliyyəti çox böyük olmuşdur. Sağ olsun dövlətimiz, ölümündən sonra milli qəhrəman adı verdilər bunlara.”

Son damla qanlarınadək vuruşaraq qəhrəmancasına həlak olan Hidayət Rüstəmova və Faiq Ağayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR