Məşhur xəritə şirkəti Azərbaycanla bağlı səhvini düzəltdi

# 13:48
7 sentyabr 2021

Məşhur “Open Street Map” şirkəti Azərbaycan xəritəsi ilə bağlı düzəliş edib.

 

APA TV-nin məlumatına görə, bu barədə texno-bloqger Fərid Pərdəşünas öz sosial şəbəkə hesabından paylaşım edərək bildirib. Onun sözlərinə görə, bir çox tətbiqlərin referans aldığı, xəritələrin vikipediası hesab olunan “Open Street Map” işğaldan azad olunmuş ərazilərimizin adlarını daha erməni dilində deyil, Azərbaycan dilində göstərir: “Hazırda işğaldan azad olunmuş ərazilərimizin adı faktiki olaraq yenidən Azərbaycan dilində göstərilməyə başlayıb. Bu nə mənaya gəlir? Yəni burada artıq ikili adlandırmadan istifadə olunmur. Yalnız Azərbaycan adlarından istifadə olunur. Lakin sülhməramlılar olan ərazilərdə yenə də ikili adlandırma standartlarından istifadə edirlər”.

 

Texno-bloger bildirir ki, “Open Street Map” şirkətindən fərqli olaraq “Google” hələ də xəritə məsələsində ölkəmizə qarşı “ikili standart” siyasəti yeridir: “Google kimi servislər hələ də ikili adlandırmadan istifadə edirlər. Onlar bunu belə əsaslandırır ki, guya bu ərazilərdə ermənilər də yaşayıb və onların da haqqıdır ki, bunu bilmək. Amma biz total olaraq “Google” şirkətindən dəyişiklik gözləyirik. Artıq torpaqlarımız işğaldan azad olunub və ikili standart aradan qalxmalıdır. Yaxın müddət ərzində şirkətə bununla bağlı həm dövlət qurumları səviyyəsində, həm də mənim tərəfimdən fərdi şəkildə müraciətlər olub. Ümid edirik ki, qısa zamanda “Google” da digər xəritə servisləri kimi bu səhvini düzəldəcək və standart rəsmi adlandırmadan istifadə edəcək”.

 

Qeyd edək ki, torpaqlarımız işğalda olduğu illərdə qlobal xəritə servisləri Azərbaycan toponimlərini həm azərbaycanca, həm də ermənicə göstərirdilər.

 

 

Həmidağa Məcidov,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR