Mətbuat Şurası jurnalistlərə müraciət etdi - APA TV

# 17:21
20 iyul 2022

Mətbuat Şurasında “Media və intihar olaylarının işıqlandırılması” mövzusunda tədbir keçirilib.

 

22 iyul - Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, son günlər mediada işıqlandırılan intihar xəbərlərinin sayı artır.

 

Əflatun Amaşov bildirib ki, intiharın səbəbləri kənarda qalır, intihar edənlərin qəhrəmanlaşdırılması meyli hiss olunur: “Jurnalistin əsas vəzifəsi intihar hadisəsindən əvvəl onu yaradan səbəbləri araşdırmalıdır. Əgər hadisədə ictimai motiv varsa, onu yayımlamaq olar. İntihar hadisəsində zorakılıq və digər məsələlər varsa, jurnalistlər çox diqqətli olmalıdırlar”.

 

Mətbuat Şurasının sədri diqqətə çatdırıb ki, bu da növbəti intiharlara yol aça bilir.

Əflatun Amaşov deyir ki, bəzi hallarda intihar edənlərin yaxınları, ata-anaları danışdırılır. “Bəlkə də o insanlar heç nələr danışdıqlarının fərqində olmurlar. Ona görə də jurnalistlərimiz bu məsələdə həssas olmalıdırlar”, - deyə o qeyd edib.

 

Çıxış edən digər natiqlər isə son günlər yeniyetmələr arasında intiharların artmasına diqqət çəkiblər. Bildirilib ki, intihar hallarının hansı qisminin məişət zorakılğı, yaxud sosial problemlərlə bağlı olmasını əks etdirən statistika olmalıdır. Əks halda çıxış yolunu tapmaq çətin olacaq.

 

 “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə hesab edir ki, intihar ilk növbədə fərarilikdir: “Mətbuat şurası tərəfindən Azərbaycan jurnalistlərinə müraciət ünvanlandı. Belə ki, bu müraciətdə jurnalistlərin peşə davranışı qaydalarına əməl olunması arzulandı. Eyni zamanda, cəmiyyətdə təbəddülat yaradacaq hallara qarşı jurnalistlər peşə etikasını əsas götürərək ictimaiyyətin narahatlığını nəzərə almalıdır”.

 

Müraciətdə jurnalistlər, ümumən bu və ya digər şəkildə jurnalist fəaliyyəti ilə məşğul olduğunu bildirən şəxslər intihar olaylarının təqdimatına son dərəcədə ciddi yanaşmağa, bu olaylarda hadisənin dəhşət saçan, fərdi və şəxsi əhəmiyyət daşıyan motivlərinin üzə çıxarılmasından uzaq durmağa, yalnız ictimai əhəmiyyət daşıyan məqamları işıqlandırmağa çağırılır.

 

Aysel Əliyeva,

Xəyal İskəndərov,

APA TV

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR