Mətbuat şurasının sədri ilk romanını təqdim etdi

# 16:59
8 iyul 2022

 

Mətbuat Şurasının sədri Əflatun Amaşovun müəllifi olduğu “Qanıq, Hasan, bir də Qaragöz” romanının təqdimatı keçirilib. APA TV xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid deyib ki, uzun müddət Mətbuat Şurasının sədri vəzifəsində çalışan Əflatun Amaşov ilk dəfə bədii əsər yazıb və bu əsər çox peşəkar dildə qələmə alınıb. Rəşad Məcid gələcəkdə Əflatun Amaşovun belə əsərlər yazacağına inandığını söyləyib. APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızı Əflatun Amaşovu roman münasibətilə təbrik edib, əsərin müasir üslubda yazılmasının diqqətçəkən olduğunu deyib. O, Əflatun Amaşovun yaxşı dost, yaxşı media adamı olduğu kimi ədəbi prosesdə də uğur qazanacağına inandığını deyib. Xalq şairi Sabir Rüstəmxanlı Borçalı bədii dilində yazılan əsəri yüksək qiymətləndirib və belə potensiala malik bir şəxsin ədəbiyyata gec gəlməməli olduğunu qeyd edib. Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli “Qanıq, Hasan, bir də Qaragöz” romanının real və mifik düşüncələrin məhsulu olduğunu vurğulayıb. “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı əsərin orijinal üsluba malik olduğunu bildiriblər. Yazıçı, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz da əsəri yüksək qiymətləndirib. Romanın ərsəyə gəlməsindən danışan Əflatun Amaşov hər bir yazıçının içində peşəkar jurnalist olduğunu və əsərin onun iç dünyasını əks etdirdiyini söyləyib. Qeyd edək ki, “Qanıq, Hasan və Qaragöz” əsəri Əflatun Amaşovun işıq üzü görən ilk romanıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR