Mikroavtobus minik avtomobili ilə toqquşub, 7 yaralı var
Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub, 7 nəfər xəsarət alıb.
Hadisə bu gün günorta saatlarında Şəki-Giriş avtomobil yolunun 12-ci kilometrliyində, şəhərin Daşqaya adlanan ərazisində baş verib.
Qusar rayonu Kuzunqışlaq kənd sakini, 1996-cı il təvəllüdlü Nurlan Fariz oğlu Tayıbovun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə,
Şəki rayonu Aydınbulaq kənd sakini, 1968-ci il təvəllüdlü Azad Əsgər oğlu Nəcəfovun idarə etdiyi “Mersedes 609D” markalı mikroavtobus toqquşub.
Qəzadan sonra mikroavtobus yolun kənarındakı ağaca çırpılıb. Hadisə zamanı xəsarət alan 6 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Yaralılardan iki nəfər rayonun Əlyar kənd sakini, 1969-cu il təvəllüdlü Zəminə Ziyad qızı Məmmədova və Aydınbulaq kənd sakini, Nüvər Aydın qızı Möhsümova nəzarət üçün xəstəxanada saxlanılıb.
Digər yaralıların xəsarəti yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.