Milyonlarla manata başa gələn “Gənclər ev”ləri niyə boş qalıb?

# 10:27
7 yanvar 2022

Bir neçə il öncə milyonlarla vəsait xərclənərək ölkənin əksər rayonlarında “Gənclər ev”ləri yaradıldı.

Əsas məqsəd isə gənclərin asudə vaxtının səmərəli təşkili, onlara psixoloji reabilitasiya, hüquqi informasiya yardımlarının göstərilməsi və təşəbbüslərinin dəstəklənməsi idi.

Amma təəssüf ki, indi ölkədə fəaliyyət göstərən 40-dan çox “Gənclər evi”nin əksərinin  cəftəsini toz basıb. Qapısı açıq olanların əksəri isə ya formal olaraq ömür sürür, ya kimlərəsə ofis kimi icarəyə verilib, ya da ödənişli dərnək kimi fəaliyyət göstərir.

Elə paytaxt Bakıda da hansı gəncə yaxınlaşdıqsa, aldığımız cavablardan bu dediklərimizin doğruluğuna bir daha əmin olduq.

Gənclər və İdman  Nazirliyi isə başqa cür fikirləşir. Qurumdan bildirdilər ki, ölkədəki ”Gənclər ev”lərindən 31-i nazirliyin tabeliyindədir. Onlardan da 22-nin fəaliyyəti təmin edilib, 9-da təhvil-təslim işləri aparılır. Yerdə qalanların fəaliyyətə başlaması üçünsə sənədləşmə prosesi gedir.

Nazirlikdən onu da söylədilər ki, hazırda heç bir evin qapısı bağlı deyil, inanmırsınızsa, gedib özünüz də baxa bilərsiniz. Biz də dediklərinə əməl etdik. Üz tutduq Sabunçu rayonundakı “Gənclər ev”inə.

Nazirlikdən düz deyirlərmiş. Qapısı açıq idi. Ancaq içəridə “bir həsir, bir Məmmədnəsir idi” desək, yanılmarıq.

“Gənclər evi”nin  lahiyələr üzrə meniceri Şalan Novruzov deyir ki, Sabunçu “Gənclər evi” in də 13-ə yaxın kurs və klub fəaliyyət göstərir: “Burada Gənclər ödənişsiz şəkildə kurs və klublardan yararlanır. Öz asudə vaxtlarında biliklərini artırırlar. Bizdə hal hazırda ingilis dili kursu, rəsm kursu, film  və kitab klubları var”.

Bəli, Şalan Novruzov da doğru deyir. “Gənclər ev”ində sadaladıqlarının hamısı var idi. Bircə gənclərdən başqa.

Deputat Fazil Mustafa da “Gənclər evi”nin fəaliyyətindən narazıdır. Onun sözlərinə görə, "Gənclər evi"nin formatı dəyişməlidir: “Müxtəlif regionlarda bu şəbəkə olaraq nəzərdə tutulsa da, amma faktiki olaraq içi boş qalıb. Burada hansısa canlanma müşahidə olunmur. Çünki ibtidaidən, bu məsələnin düşünüldüyü vaxtdan bura bir sosialist modeli kimi yanaşma özünü göstərdi. Sadəcə binanın işıq pulunu, qaz pulunu ödəmək üçün müəyyən dərnəklərə və şəxslərə bir neçə otağı icarəyə verməsi ilə ayaqda tutulmağa çalışan bir binalardır. Və bunun populyarlığı da o qədər çox deyil”.

Deputat deyir ki, bu məkanlar "Gənclər evi" modelində öz təsdiqini tapmadı, bu səbəbdən model müzakirəyə çıxarılaraq yenilənməlidir. Əks halda bu evlər indiki kimi boş qalmaqda davam edəcək.

Nərmin Murad,

Kamran Namazov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR