MM-də polisi döyən deputatın toxunulmazlığına xitam verildi - VİDEOXÜLASƏ
Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələyə baxılıb.
APA TV-nin məlumatına görə, iclasın gündəliyini açıq elan edən Spiker Sahibə Qafarova bildirib ki, parlamentin İntizam komissiyası 2 avqust tarixli iclasında təqdimata baxaraq Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib: “Deputat özünü heç kimdən üstün tutmamalıdır. Mən həmkarımızın deputata yaraşmayan hərəkəti ilə bağlı dərin təəssüfümü bildirirəm. İnanıram ki, gələcəkdə bu cür hadisələri müzakirə etmək məcburiyyətində qalmayacağıq. Baş prokurorun təqdimatında deputatın toxunulmazlığına xitam vermək üçün kifayət qədər əsas var”.
Baş Prokuror Kamran Əliyev də iclasda çıxış edərək bildirib ki, təqdimatın ünvanlanması üçün kifayət qədər əsaslar olub: “Təəssüflər olsun ki, deputat Eldəniz Səlimov qohumuna məxsus olan “Starıy dvor” restoranına gəlib və Mirzəyev Zaurun nə üçün həmin restorana gəlməsi, gecə 12-dən sonra restoranın işləməsinə irad tutulmasına görə, sonradan polisin atası ilə əlaqə saxlayıb, görüşə çağırıb. Hüquqi tərəfdən isə biz artıq cinayət işi başlamışıq. 30 iyul tarixində Baş Prokurorluğa məlumat daxil olub. Fakta görə cinayət işinin başlanması üçün kifayət qədər əsaslar olub. Ona görə də E. Səlimovun toxunulmazlığına xitam verilməsi zəruridir”.
“Bu hadisə hər birimizə dərs oldu”, - deyən parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov qeyd edib ki, hər kəs qanun qarşısında bərabərdir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev qeyd edib ki, Baş prokurorun təqdimatı kifayət qədər əsaslıdır: “Baş prokurorun bir məsələyə də aydınlıq gətirməsini istəyirəm. Eldəniz Səlimov bildirib ki, bu hadisəyə qədər şantaj və təzyiqlə üzləşib. Eldəniz Səlimov bu hadisəyə qədər üzləşdiyi halla bağlı hüquq-mühafizə orqanlarına müraciət edibmi? Mən təqdimata səs verəcəyimi də bildirirəm”.
Deputat Tahir Rzayev isə çıxışında qeyd edib ki, Eldəniz Səlimovun belə bir hərəkətə yol verdiyinə inana bilmir: “İnana bilmirəm ki, bu qədər sakit, mədəni insan birdən-birə belə hərəkətə yol versin. Ancaq törətdiyi əməl ortadadır. Sahibə xanım, siz dünən videokonfransda bizə bir fləşkart göstərdiniz. Ondan sonra səhərə kimi ağrılı hisslər keçirdim. Biz nə üçün deputat adını aşağıladıq?!”
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Şuşaya səfərdən sonra parlamentdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisi Müzəffər Milli Məclis adlandırdığını xatırladıb: “Təəssüf ki, bu gün millət vəkilinin polis zabitinə qarşı dələduzluğunu müzakirə edirik. Təəssüf ki, Prezident İlham Əliyevin tövsiyələrinə baxmayaraq, Eldəniz Səlimov belə bağışlanmaz hərəkətə yol verib. Necə yəni polis mənim qohumumun restoranına gəlib söz deyə bilməz?! YAP İdarə Heyətinin üzvü kimi də bu, məni təəssüfləndirir. Partiyada gələcək seçimlərində daha diqqətli olmalıdır. Mən Baş prokurorun təqdimatını tamamilə dəstəkləyirəm. Eyni zamanda Baş prokuror və hüquq-mühafizə orqanlarından hadisəni tam və obyektiv araşdırmasını da xahiş edirəm”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, Azərbaycan polisinin alçaldılaraq döyülməsinə Konstitusiya çərçivəsində layiqli cavab verilməlidir.
Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı isə bildirib ki, deputat cinayət törədib, öz səlahiyyət həddini aşıb: “Eldəniz Səlimov polis leytenantını yanına çağırıb, ona deyib ki, sən fəxr et ki, səni Milli Məclisin deputatı döyür. İndi biz qəbul etdiyimiz qanunların əksinə getməliyik?! Hər bir şəxs qanun qarşısında bərabərdir. Bu, Milli Məclisin nüfuzuna xələl gətirə bilməz. İcra orqanlarının ayrı-ayrı nümayəndələri yol verdikləri cinayətlərə görə həbs olundu. İndi həmin icra orqanları xəcalət çəkməlidir? Milli Məclis sıralarını belələrindən təmizləməlidir. Polisə əl qaldırmaq olmaz! Polis sənə deyir ki, restoran gecə 12-dən sonra işləməməlidir, deməli qapını bağlamalısan!”
Milli Məclis sədrinin Birinci müavini Əli Hüseynli isə bildirib ki, deputat vəzifəli şəxsdir və bir çox qanunun subyektidir: “Ona görə də Baş Prokurorluğun vəzifə həddini aşma ilə bağlı cinayət işi açması mübahisə yaratmamalıdır”.
Baş prokuror Kamran Əliyev Milli Məclisin bu gün keçirilən iclasında “Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatla bağlı deputatların suallarını cavablandırıb.
K. Əliyevin sözlərinə görə, əsas məsələ odur ki, Milli Məclis bununla bağlı qəti mövqe ortaya qoyur. Əvvəllər Eldəniz Səlimova bu hadisəyə qədər təzyiqlərin olub-olmamasına gəlincə, K. Əliyev istintaq materiallarında belə halların olmadığını qeyd edib.
Çıxışlardan sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. 98 deputat qərarın lehinə səs verib. Bununla da Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.
Sevinc Vaqifqızı,
Samir Qaragözov,
APA TV