Mübariz Qurbanlı: "İşğaldan azad edilən ərazilərdə məscidlərin bərpasına başlanılıb"

# 13:44
21 iyun 2021

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Komitənin 20 illiyi ilə bağlı Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.

 

APA TV-nin məlumatına görə, Komitənin kollektivi əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

 

Sonra Şəhidlər xiyabanına gedən Komitə kollektivi ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla yad edib, məzarları üzərinə gül düzüblər.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında Azərbaycandan demək olar ki, xarici terrorçu qruplara qoşulma halının olmadığını bildirib.

 

Onun  sözlərinə görə, əvvəllər qeydə alınanlar olsa da,  hüquq-mühafizə orqanlarının, mətbuatın apardığı profilaktik, o cümlədən, ideoloji təbliğat işləri bunun qarşısını almaqda mühüm rol oynayıb: "Hazırda bu cür faktlar qeydə alınmayıb. Əvvəllər xaricə gedən və bu cür terrorçu qruplara qoşulan şəxslərin ailə üzvləri reabilitasiyaya cəlb olunub. Həmin ailə üzvlərinin bir qismi gətirilib, təbii ki, orada uşaqlara və qadınlar da var. Bununla bağlı məxsusi reabilitasiya mərkəzi yaradılıb. Həmin reabilitasiya mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçiləri də geriyə qaytarılmış ailələrlə dini sahədə işlərin aparılmasında iştirak edir. Burada dəqiq rəqəmləri deyə bilmərəm, amma Azərbaycanda az sayda bu cür hallar var idi. Ümumiyyətlə, əvvəlki illərdə də İŞİD-in terror qruplaşmalarında iştirak edən xarici vətəndaşlar siyahısında bizim ölkə çox aşağı yerdə idi".

 

Komitə sədri işğaldan azad edilmiş ərazilərdə dini ibadət yerlərinin bərpası istiqamətində görülən işlərlə bağlı sualları da cavablandırıb. Bu istiqamətdə  ciddi tədbirlərin həyata keçirildiyini vurğulayıb: “İşğaldan azad olunan ərazilərdə olan provaslav kilsələr də ya dağıdılıb, ya da erməniləşdirilməyə çalışılıb. Həmin ərazilərdə İslama aid olan dini abidələr içərisində məscidlərin bərpası istiqamətində artıq işlərə başlanılıb. O cümlədən, Qafqaz Albaniyasına aid olan dini məbədlərə Alban Dini İcmasının səfərləri təşkil edilir. Həmin kilsələrin də bərpası istiqamətində addımlar atılır. Bu işlər müvafiq dövlət qurumları tərəfindən həyata keçirilir. Ümid edirəm ki, işğaldan azad edilən ərazilərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində bu işlər də yaxın zamanda tam şəkildə həll olunacaq".

 

Mübariz Qurbanlı həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyi 20 il ərzində ölkədə dini maarifləndirmə sahəsində ciddi təbliğat işləri apardığını da jurnalistlərin diqqətinə çatdırıb.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR