“Müharibə veteranı” adı və təqaüd bu qaydalarla veriləcək

# 14:00
8 yanvar 2022

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı, vəsiqəsi və təqaüdün necə veriləcəyi açıqlanıb.

 

Bu barədə APA TV-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məlumatda bildirilib.

 

Qeyd olunub ki, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının, vəsiqəsinin verilməsi və Prezidentin təqaüdünün təyin edilməsi istiqamətində işlər aparılır. Qanunvericiliyə uyğun olaraq, onlara “Müharibə veteranı” adı və vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək.

 

Həmin qurumlar onlarda xidmət keçən və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdırmaqla, “Müharibə veteranı” adı və vəsiqəsi verəcək. Sözügedən qurumlar “Müharibə veteranı” adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edəcəklər. Yekun mərhələ kimi, həmin məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

 

Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçiriləcək. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat veriləcək.

 

Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürüləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR