Nazir: "İşğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaradılması üzərində iş aparılır"

# 20:00
18 oktyabr 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilginin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

APA TV-nin məlumatına görə, görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak edib.

 

Sahil Babayev Azərbaycan və Türkiyənin qardaşlığa, xalqların sarsılmaz birliyinə söykənən əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib.

 

Nazir qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə də Türkiyə Azərbaycana daim siyasi və mənəvi dəstək göstərib. Hazırda isə işğaldan azad olunmuş ərazilərdə sosial infrastrukturun yaradılması üzərində iş aparılır: “İşğaldan azad olunan hər bir ərazidə tam sosial infrastruktur yaradılacaq. Regional DOST mərkəzləri, ayrıca yaşayış məntəqələrində DOST filialları olacaq. Eyni zamanda, reabilitasiya bərpa mərkəzlərinin, sosial xidmət müəssisələrinin yaradılmasına dair təkliflər aidiyyəti dövlət qurumlarına təqdim edilib. Hər rayonun Baş planı hazırlanan zaman həmin müəssisələr üçün lazımi infrastruktur yaradılacaq".

 

Sahil Babayev postmüharibə dövründə həyata keçirilən, şəhid ailələri və qazilərlə bağlı artıq 31 mindən çox insanı əhatə edən sosial dəstək tədbirlərinin olduğunu qeyd edib. Nazir bu ilin 9 ayında əhaliyə 20 milyon elektron xidmət göstərildiyini, DOST konsepsiyası, sosial sahədə 155 xidmətin vahid pəncərədən təqdim edildiyi DOST Mərkəzləri barədə məlumat verib.

 

Vedat Bilgin Türkiyə üçün dost və qardaş ölkə olan Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu qeyd edib. Azərbaycanın ötən il Vətən müharibəsində əldə etdiyi böyük Zəfərin, öz torpaqlarını Ermənistanın işğalından azad etməsinin Türkiyə xalqında da sonsuz sevinc və iftixar yaratdığını bildirib.

 

Türkiyədə aparılan sosial islahatları, əldə olunan sosial uğurları diqqətə çatdıran Vedat Bilgin rəhbərlik etdiyi qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığı daim genişləndirmək əzmində olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR