Nazir macarların Qarabağ arzusundan danışdı: 100 milyon avroluq jest

# 18:44
3 fevral 2022

"Azərbaycan və Macarıstan strateji tərəfdaşdır".

 

APA TV-nin xəbərinə görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın iclasında deyib.

 

Nazirin sözlərinə görə, iki ölkə arasında iqtisadi və ticari münasibətlər təşəkkür tapıb.

S.Babayev Macarıstan şirkətlərini işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərində iştiraka səsləyib: "Ölkəmiz həmin ərazilərdə bərpa işlərinə çox diqqət göstərir. Bu sahədə əməkdaşlığımız yaxşı təməl yarada bilər. Bu il ərzində çox güman ki, bir çox məcburi köçkün doğma yurdlarına qayıdacaq".

 

Nazir bildirib ki, Macarıstanın “Exim Bank”ı işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə bağlı 100 milyon avro güzəştli kredit ayrımağa hazırdır: “Hazırda əsas məsələ Qarabağın minalardan təmizlənməsi, infrastrukturun yaradılmasıdır. Macarıstanın istəyi həmin infrastrukturun yaradılmasında iştirak etməklə bağlıdır. Həm avtomobil, həm dəmir yollarının çəkilməsi, enerji infrastrukturunun formalaşdırılması ilə bağlı macar tərəfi marağını ifadə edib, maliyyələşdirmə barədə təkliflərini bildirib. Macarıstanın “Exim Bank”ı bu işlərə vəsait ayırmaq istəyir”

 

Nazir Macarıstanın Azərbaycandan təbii qaz almaqla bağlı marağının olduğunu söyləyib.

“Bunun üçün Cənub Qaz Dəhlizini Macarıstanla birləşdirən infrastruktur yaradılmalıdır”- deyən Sahil Babayev bildirib ki, Dövlət Neft Şirkəti Avropa ölkələrinə təchizatı artırmaq niyyətini bəyan edib: “Burada əsas infrastruktur məsələsidir. Ya yeni infrastruktur yaradılmalıdır, ya da Bolqarıstan və Rumıniyadakı qaz xətləri ilə əlavə qaz nəql edilməlidir. Danışıqların ana xətti bu istiqamətdədir. Hər iki tərəfin niyyəti var”.

 

Macarıstanın xarici və ticarət işləri naziri Peter Siyarto isə qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Macarıstan şirkətlərinin iştirakını çox istəyirlər. Ən çox istədikləri isə Qarabağda birgə müəssisələrin yaradılmasıdır: “Macarsıtanın “Exim Bank”ı Azərbaycana 120 milyon ABŞ dolları məbləğində kredit xətti açıb, iri şirkətlərimiz Azərbaycan iqtisadiyyatına sərmayə qoyublar, o cümlədən neft yataqlarının işlənməsində iştirak ediblər Regionda əməkdaşlıq üçün imkanlar var. Əməkdaşlığımız region üçün səmərəlidir. Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına dəstək verməyə hazırdır. Macarıstan həmişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyib, beynəlxalq təzyiqlərə baxmayaraq obyektiv mövqeyi olub”.

 

Nazir həmçinin Macarıstanla ticarət dövriyyəsi dəyərinin potensialdan az olmasına da diqqət çəkib. O qeyd edib ki, 2021-ci ildə Azərbaycanın Macarıstana ixracının dəyəri 67% artsa da, bu rəqəm 2 milyon ABŞ dollarından az olub. Onun fikrincə, bu rəqəmin artırılması üçün böyük potensial var.

 

İclasdan sonra Azərbaycanla Macarıstan arasında bir sıra sənədlər imzalanıb.

Tədbirin sonunda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Macarıstanın "Şərəf" ordeni ilə təltif olunub.

 

Sevinc Vaqifqızı,

Fariz Quluyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR