Nazir: “Qətər iş adamlarını işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə dəvət edirik"

# 18:22
18 oktyabr 2021

Fövqəladə Hallar Nazirliyində Azərbaycan Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 3-cü iclası keçirilib.

 

APATV -nin məlumatına görə, iclasda Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədrləri – fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani və onların rəhbərlik etdikləri Komissiyanın hər iki tərəfdən olan üzvləri iştirak ediblər.

 

Nazir Kəmaləddin Heydərov, ilk növbədə, iclasın Azərbaycan üçün əlamətdar bir günə - Müstəqilliyin Bərpası Gününə təsadüf etdiyini və ilk dəfə olaraq bu bayramın ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, 1994-cü ildə əsası qoyulmuş Azərbaycan və Qətər arasındakı diplomatik münasibətlərin bu gün yüksək səviyyədə olması, ölkələrimizin mühüm əhəmiyyətli məsələlərin həllində daim bir-birlərini dəstəkləməsi, habelə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı hər iki ölkənin mənafeyinə cavab verir. Nazir, Prezident İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin birgə qərarı əsasında yaradılan Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti dövrü ərzində ikitərəfli münasibətlərin bir çox istiqamətlərində inkişaf dinamikasının müşahidə olunduğunu qeyd edib.

 

Kəmaləddin Heydərov, həmçinin, 44 gün davam etmiş Vətən Müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması, azad edilmiş ərazilərdə hazırda sürətlə davam edən abadlıq və quruculuq işləri barədə məlumat verib, Qətər iş adamlarını, biznes dairələrini və sərmayəçilərini həmin ərazilərə sərmayələrin yatırılmasına dəvət edib.

 

Bundan əlavə, 2021-ci ilin 1 iyul tarixində Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Ələt Azad İqtisadi Zonası barədə məlumat verən nazir Kəmaləddin Heydərov Qətər biznes dairələri və xüsusilə sənaye sahəsini əhatə edən Qətər sərmayəçiləri üçün burada həyata keçirilən layihələrdə iştirakın maraqlı olacağına əminliyini ifadə edib.

 

Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri olan Qətərin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani səmimi görüşə görə təşəkkürünü bildirib, Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb.

 

Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani Birgə Komissiyanın gördüyü işlərin əhəmiyyətini qeyd edərək, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadiyyat, ticarət, investisiya və turizm sahələrində işgüzar əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu, bu imkanlardan qarşılıqlı faydalı əsasda yararlanmaq üçün səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

 

İclasın sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın üçüncü iclasının Protokolu” imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR