Nə olur olsun, paytaxtı tərk etməyəcəm - Tokayev son sözünü dedi

# 19:52
5 yanvar 2022

"Sevimli şəhərimizdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı kütləvi hücumlar davam etməkdədir. Onların arasında ölən və yaralananlar da var. İzdihamlı quldur dəstələri hərbçiləri döyür, çılpaq halda ələ salır, küçələrdə gəzdirir, qadınları təhqir edir, dükanları qarət edirlər. Almatı və  digər şəhər mərkəzlərində təhlükəli vəziyyət yaranıb. Bununla əlaqədar mən bir sıra rayonlarda fövqəladə vəziyyət elan etmişəm. Bu, zəruri tədbirdir. Prezident olaraq, vətəndaşların təhlükəsizliyinin və ölkənin suverenliyinin təmini mənim üzərimdədir. Görülən tədbirlər kifayət qədər deyil.”

Tokayev daha sonra paytaxtda olduğunu, bu gündən etibarən Təhlükəsizlik Şurasına rəhbərlik edəcəyini, aksiya iştirakçılarına qarşı sərt davranacağını bildirib. O qeyd edib ki, yaxın vaxtlarda hakimiyyət yeni islahat təklifləri paketini təqdim edəcək.

Onun sözlərinə görə, bu, maddi maraqlar naminə əlbir olan şəxslərin diqqətlə düşünülmüş planıdır və ölkə vətəndaşlarının, dövlətin təhlükəsizlik məsələsidir:

 

“Əminəm ki, xalq məni dəstəkləyəcək. Tezliklə Qazaxıstanın siyasi transformasiyası ilə bağlı yeni təkliflərlə çıxış edəcəm. Mən eyni ardıcıl islahatlar mövqeyində qalıram”, - deyə o söyləyib.

 

Maraqlıdır ki, çıxışdan sonra paytaxtdakı polis qüvvələri kütləvi şəkildə etirazçıların tərəfinə keçiblər.

 

 “Exo Moskva” radiostansiyası isə Nazarbayevin ölkəni tərk etməyə hazırlaşırdığını bildirib.

Yerli media məlumat yayıb ki, paytaxtda internet yoxdur, telekanallar fasilələrlə işləyir. “MIR24”, KTK, NTK, “Pervyy kanal”, “Yevraziya” televiziya kanallarının isə yayımları tamamilə dayanıb.

Yerli sakinlər nağdsız üsulla ödəyə bilmədiklərinə görə bankomatlardan kütləvi şəkildə pul çıxarırlar.

Onu da bildirək ki, ATƏT sədri Qazaxıstanla bağlı çağırış edib. ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bu barədə “Twitter”də paylaşım edib.  “Mən ATƏT sədri kimi Qazaxıstandakı son vəziyyəti yaxından izləyirəm. Mövcud problemləri həll etmək üçün zorakılıq və şiddət heç vaxt düzgün cavab deyil. Mən vəziyyətin de-eskalasiyasına və ATƏT-in öhdəliklərinə tam riayət etməklə dialoqa başlamağa çağırıram”, - Z. Rau qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyindən isə bildirilib ki, Moskva vəziyyəti iğtişaşlarla deyil, dialoq yolu ilə normallaşdırmağa çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR