Nə qəsəbə kimi qəsəbə, nə kənd kimi kənd: yol problemi sakinləri zara gətirib

# 17:33
25 yanvar 2022

Gördüyünüz bu ərazi Şirvanın Çılpaqlı yaşayış massividir. Burada uşaqları  məktəbə, böyükləri iş-gücünə, alış-verişinə aparan yollar bərbad vəziyyətdədir. Elə adı kimi yolları da, küçələri də çılpaq olan yaşayış massivinin biçarə sakinlər deyir ki, yağışlı-qarlı hava şəraitində nəinki piyadalar,  heç maşınlar da bu yollarda hərəkət edə bilmir.

Yaşayış  massivinin Neftçilər və Mahir Mirzəyev küçələrinin sakinləri cavabdeh qurumlara müraciət etməkdən bezar olub:

- Hər gün işə gedəndə çətinlik çəkirik. Yol bərbad vəziyyətdədir. Dəfələrlə müraciət etmişik baxılmayıb. Xahiş edirik nəzərə alsınlar. Uşaqlar, özümüz palçıqda gedirik. Taksi ilə bir yerə gedə bilmirik. Xeyir - şərimiz olur maşınlar yaman günə qalır. Taksilər yollar bərbad vəziyyətdə olduğundan 2 manatlıq yolu 5-6 manata gətirir. Ya da kənarda saxlayırlar ki, burdan özünüz gedin.

- Hardasa  5 ildir uşaqlar bu yol ilə gedib gələ bilmir. Məktəb də yaxınlıqdadır. Əsə-əsə burdan məktəbə gedirlər. Belə zülm olmaz. Hər yerə demişik. Deyirlər bu il keçsin gələn ilin planına salınacaq. İllər də qurtarmır ki...! Biz dözməliyik? Vəziyyət pisdir. Güclə pul tapıb öz hesabımıza birtəhər düzəldirik. Pul yığmışıq. İndi imkan yoxdur. Uşaqlar dizə qədər palçıqda gəlir evə.

 -30 ildir burda yaşayıram. Burda həqiqətən də yollar bərbaddır. Uşaqlar məktəbə gedə bilmir. Ayaqqabı alırsan 10 gün çəkmir bu yollarda cırılır. Suyun içində gəlir uşaqlar.

- Axşam gedib mağazadan çörək almaq olmur. Ayağının altını görmürsən. Yağış qar yağanda ümumiyyətlə getmək olmur. Palçıqdır, maşın getmir gəlmir. Taksilər bura gəlmək istəmir. 2 manatlıq yolu 5-6 manata gətirir. Xahiş edirik bu yol barədə tədbir görsünlər.

- Nəvələrimizi yağış olanda məktəbə kürəyimizdə aparırıq. Göz qabağındadır yol, budur. Camaat gedə bilmir, qız-gəlin gedə bilmir. Xəstəmiz olur təcili yardıma zəng edirsən gəlmir. Deyirsən Çılpaqlı qəsəbəsi Neftçilər küçəsi deyir qabağa çıxın.  Xəstəni də deyir çıxarın ora, necə çıxaraq xəstəni?

Çılpaqlıda minlərlə ailə yaşayır. Sakinlər deyir ki, illərdir ki, şəhər rəhbərliyi dəyişir, biri gedir,  biri gəlir. Yollar isə çəkilmir ki, çəkilmir:

- İllərdi bu əziyyəti çəkirik. Gediş-gəliş yoxdur. Dəfələrlə müraciət olunub yolun istismarına görə çəkilməyib.

Sakinlər bildirir ki, digər küçələr Mirzəxan Qədirov küçəsinin yanında toya getməlidir:

- Təpədən dırnağa qədər bata-bata görürsünüz oradan düşür məktəbli. 5 km aralıda məktəbdən gəlir. Təcili tibbi yardıma zəng eləmişəm ünvanı deyirəm deyir yox qardaş, ora pis gündədir, orda təkərim batacaq. Heç kim bura gəlmir.

- Deyirlər evlər çıxarışsızdır. Mən kiməm? - Azərbaycan vətəndaşı. Mən Afrikadayam? Mən Azərbaycan vətəndaşıyam, azərbaycanlıyam. Kəndim də rayonum da buradır. Mən hara getməliyəm? Harada yaşamalıyam. Elə olur ki, təzyiqimə görə tez-tez təcili yardım çağırmalı oluram. Palçıq olanda gəlmirlər. Məcburam bir ayaq yola çıxım 10 manata taksi tutum gedim.

Vəziyyətə münasibət bildirən Şirvan bələdiyyəsinin  şöbə müdiri Məlik Məmmədov bunları dedi: “Məlumat verə bilərəm ki, adları qeyd olunan Mirzaxan Qədirov, Mahir Mirzəyev, Neftçilər küçələrində ümumiyyətlə Çılpaqlı yaşayış massivinin küçələrində təmir işləri aparılır. Qalan küçələrdə də planlı şəkildə bu il də təmir işlərinin aparılması planlaşdırılır. Yəni büdcəyə daxil olan vəsait hesabına orda yollarda əsaslı bərkitmə işləri aparılır. Sonra asfalt örtüklə asfaltlanması nəzərdə tutulur. Yəni heç bir müraciətə istəyir Şirvan bələdiyyəsi olsun, istər İcra hakimiyyəti tərəfindən biganə yanaşılmır.”

Verilən vədlər də, kənddəki vəziyyət də göz qabağındadır. Necə deyərlər görünən dağa nə bələdçi?

Əlibəy Zeynallı

Elçin Həsənov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR