Nəşi 8 ay 7 gün sonra tapılan kəşfiyyatçı

# 20:17
21 oktyabr 2021

Vətən müharibəsində şücaət göstərən və qəhrəmancasına şəhid olan hərbi qulluqçu Əkbər Məsimovun həyatı gənclərə bir örnəkdir. İkinci Vətən Müharibəsinin ilk günündə, 2020-ci il sentyabrın 27-də şəhid olan və nəşi 8 ay 10 gün sonra, bu il iyunun 7-də torpağa tapşırılan kəşfiyyatçı Əkbər Yunus oğlu Məsimov 1994-cü ildə Ağdaş rayonunun Qaradeyn kəndində anadan olub.

 

O, 2012-ci ildə Qaradeyn kənd tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Əkbər Məsimov Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə Vətənə qulluq edib, 2016-cı ildə evə qayıtdıqdan sonra yenidən həyatını, taleyini orduya, hərbiyə bağlayıb.

2017-ci ildən orduda maxe kimi fəaliyyət göstərməyə başlayan Əkbər Məsimov dəfələrlə fəxri fərmanlar, tərifnamələrlə mükafatlandırılıb.

 

O, 2020-ci ilin iyulunda Tovuz döyüşlərinin iştirakçılarından olub.

 

İkinci Qarabağ Müharibəsinin ilk dəqiqələrində gərgin döyüşlərə atılıb, düşmənin bir neçə canlı qüvvəsini və texnikasını məhv edib. Müharibənin ilk günündə, 27 sentyabr tarixində Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub, şəhidlik məqamına ucalıb. Şəhidin döyüş yoldaşı dostunun şücayətindən danışır: "Mən Əkbərin 4 illik döyüş yoldaşıyam, dostuyam. Mən Əkbərlə müharibə zamanı çiyin-çiyinə döyüşdüm. O həqiqətən qəhrəmanlıq göstərdi, öz igidliyini, cəsurluğunu sübut elədi. Əkbər düşmənin bir neçə qüvvəsini məhv etdi, ermənilərin atdığı minomyot nəticəsində şəhid oldu, həmin minomyot məni də yaraladı”.

 

Ancaq ailəsi uzun müddət ondan xəbərsiz qalıb. Onun nəşi 8 ay 7 gündən sonra, bu il iyun ayının 4-də tapılıb. İyunun 7-də isə onun nəşi Qaradeyn kənd qəbristanlığında torpağa tapşırılıb. Şəhidin anası Arifə Məsimova deyir ki, Əkbər uşaqlıqdan sakit təbiətli idi, amma cəld uşaq idi, tərbiyəli, qohumcanlı olub: “Naxçıvanda hərbi xidmətdə oldu. Bir il kənddə oldu, yenidən orduya qayıtdı. Nişanlı idi, toy etmək istəyirdik ona. Toya hazırlaşırdıq. Balam müharibədə 8 ay itkin düşdü, sonra tapdıq onu. Təzə ev tikdirdi, amma özü burada yaşaya bilmədi.”

 

Əkbər Məsimovun özü üçün tikdirdiyi, gəlin gətirmək istədiyi evi indi onun ev muzeyinə çevrilib.

 

Əkbər Məsimov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə ” medalları ilə təltif olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR