Ölkəmizin beynəlxalq səviyyədə investisiya imici yüksəlib

# 17:56
27 oktyabr 2021

Birbaşa xarici investisiyaların cəlb edilməsi uğrunda ölkələr arasındakı rəqabət son onilliklərdə kəskinləşib.

 

APA TV xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

 

Onun sözlərinə görə, xarici investisiyalar ölkəyə təkcə kapital deyil, innovativ həll yolları, texnologiyalar və yeni idarəetmə yanaşmaları gətirir: "Mütəxəssislərin rəyinə əsasən, avtomatlaşma, rəqəmsallaşma, süni intellekt və yaşıl inkişaf qarşıdakı onilliklərdə qlobal iqtisadi landşaftı və investisiya axınını müəyyənləşdirəcək meyllər olacaq. Ölkəmizdə son illərdə biznesin inkişafı, əlverişli investisiya mühitinin təmin edilməsi, dövlətin biznesə dəstək mexanizmlərinin genişləndirilməsi, eləcə də bu sahədə qabaqcıl innovativ idarəetmə mexanizmlərinin tətbiq nəticəsində özəl sektor subyektlərinin bazası genişləndirilib və ölkənin beynəlxalq səviyyədə investisiya imici yüksəlib".

 

Qeyd edək ki, Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işinə başlayıb. İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilən tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nazirləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startapçılar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR