Ömər Faruk Tanrıverdi: “Türk Dünyasını tanıdan birgə layihələrin keçirilməsini artırmaq vacibdir”

# 13:36
9 aprel 2021

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısına hazırlıq məqsədilə İşçi qrupunun 8-ci iclası keçirilib.

 

APA TV-nin xəbərinə görə, toplantı çərçivəsində digər məsələlərlə yanaşı, türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı müzakirə olunub. Eyni zamanda, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

İşçi Qrupunun iclasına sədrlik edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Qismət Gözəlov öncə Azərbaycanı Vətən Müharibəsindəki qələbə münasibəti ilə təbrik edib. Eyni zamanda, Vətən Müharibəsi dövründə həqiqətlərin dünyaya çatdırılmasında böyük pay sahibi olan Türkiyə mediasının rolunu xüsusi vurğulayıb və təşəkkür edib.

 

Türkiyə Prezident Administrasiyasının departament rəhbəri Ömər Faruk Tanrıverdi də Azərbaycanı Vətən Müharibəsində qələbə münasibəti ilə təbrik edib: “Torpaqlarını azad edən şanlı Azərbaycan Ordusunu təbrik edirik. Qardaş Azərbaycana ev sahibliyi üçün təşəkkür edirik. Media sahəsində qardaşlarımızla ikitərəfli platformada münasibətlərimiz inkişaf edir. Türk Şurası çərçivəsində əməkdaşlığı  inkişaf etdirmək üçün ardıcıl toplantıların keçirilməsini dəstəkləyirik və bu gün İşçi qrupunun 8-ci toplantısı keçirilir. Türk Dünyasını tanıdan birgə layihələrin keçirilməsini artırmaq vacibdir. Bunun üçün sənədli filmlərin hazırlanmasına üstünlük verə bilərik. “TRT Avaz” telekanalı ortaq layihələrin həyata keçirilməsində önəmli rolu var. Bu il bir sıra türk dilli ölkələrin müstəqilliyinin 30 illiyinin tamam olması ilə bağlı bir media forumunun keçirilməsini də təklif edirik”.

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktor müavini Murad Hüseynov türk xalqlarının mədəniyyəti, tarixi və ənənələrinin təbliği üçün Ortaq Türk Evi proqramının yayımını təklif edib.

 

Tədbir türkdilli ölkələrin İşçi qrupundakı nümayəndələrinin çıxışları ilə davam edib.

 

Qeyd edək ki, sabah Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı baş tutacaq. Aprelin 11-də isə nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə və Gəncə şəhərinə səfər edəcək.

 

İlahə Vəliyeva,

Üzeyir Ağayev,

APA TV  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR