Ot basan yollarla evimizə doğru

# 17:40
27 avqust 2021

Şuşaya səfərimiz yenə Bakıdan başladı. Doğulub, boya-başa çatdıqları ata yurdlarını, əlləri ilə qurub-yaratdıqları ev eşiklərini görmək arzusunda olan 50 nəfər Şuşa sakini yəqin ki, bütün gecəni yata bilməmişdilər. Gecənin bir yarısı toplanış nöqtəsinə çatdığımızda hər kəs  orada idi. Əllərindəki kiçik bağlamalarda yolda yemək üçün qida, ürəklərində sevinc, kədər, ümid.... Şuşaya apara bilməyəcəkləri isə bu 30 ildə itirdikləri uşaqlıqları, gənclikləri, həm də dünyadan köçən əzizləri idi.

 

Nəhayət gedəcəyimiz avtobuslar gəldi və üzü Şuşaya doğru təxminən 8 saatlıq yolçuluq başladı. Yol yoldaşımız əslən Şuşadan olan rəssam  Səyyar Əliyev Şuşalı günlərinin xatirələrini bizimlə bölüşür: “Şuşa veriləndə (işğal nəzərdə tutur) mən iki ay gecələr yata bilmirdim. Hələ də ondan başımda travmalar qalıb. Əsəblərim pozulub.  Sevincimin həddi-hüdudu yoxdur. Şuşaya qayıtmaq hər zaman mənim arzum olub. Hər zaman da demişəm ki biz Şuşaya qayıdacağıq”. 

 

Bütün yol boyunca Şuşanı görəcəyi anı sevinclə  gözləyənlərdə oldu, dözməyib halı pisləşənlər də....

 

İnşası başa çatmaqda olan Zəfər yolu ilə şütüyən avtobuslar nəhayət ki Daşaltı kəndindən keçərək Şuşaya doğru istiqamət alır. 30 ildən sonra Şuşanı ilk dəfə görən sakinlərin sevinc hissini sözlə ifadə etmək yəqin ki, mümkün olmayacaq.

 

Cıdır düzünə, Gövhər ağa məscidinə və Şuşa qala qapılarına kiçik ekskursiyalardan sonra bizə verilən sərbəst vaxtdan istifadə edərək Qasımovlar ailəsi ilə birlikdə onların ata yurdlarına gəlirik. Bacı-qardaş doğulub boya-başa çatdıqları ata yurdunun dağıdılan divarlarını ziyarət edir, əlləri ilə əkib-becərdikləri meyvələrdən dərirlər.

 

Vaxtın azlığını nəzərə alaraq ata ocağından ayrılıb Kamran Qasımovun Şuşa şəhərinin yuxarı məhəlləsində yerləşən  mənzilinə yollanırıq. Kamran dayı öz zəhməti ilə aldığı bu mənzildə ömrünün ən gözəl çağlarını yaşadığını deyir. Dağıdılaraq məhv edilən mənzilinə baxdıqca göz yaşlarına hakim ola bilmir: “Bax bu bizim binadır. Evimiz 2 ci mərtəbədədir. Gedək görək indi hansı vəziyyətdədir.  Bax bura bizim anbar kimi idi. Mənim düzəltdiyim vitrinlər hələ ki qalır”.

 

 

-Bax burada mətbəx mebelimiz var idi. Bura qaz piltəsini qoymuşduq. Soyuducu var idi qapının qarşısında. Stol qoyub yemək yeyirdik. Pəncərədən bax bu cür baxırdım, şəhərarası marşrut gələndə ona minib işə gedirdim.”

 

 

-Qoyub getdiyimiz mənzili dağıdıb töküblər. Pis günlərə qalıb. Gələcək necə olacaq onu biz görməyəcəyik.  Artıq bizim yaşımız keçir.  Uşaqlarım bu evdə doğulub. Burdan 5, 6-cı sinfə qədər məktəbə gediblər.  Ən gözəl günlərimiz burada olub”.

 

Sonrakı ünvan Kamran Qasımovun bacısı  Lalə Qasımovanın evi olur.  Lalə xanım  ot basan yollarla doğma mənzilinə çatmağa tələsir. Yolun kənarında gördüyü boyana, yəni yol otundan qucaq dolusu dərir.

 

Mənzilləri ziyarət etdikdən sonra Kamran dayı 30 il öncə vəfat edən atasının məzarını ziyarət etmək istəsə də, dağıdılan, ot basan məzarlıqda atasının məzarını tapa bilmədi: “Arzu eləmişdim ki, gələndə atamın məzarını görüm. Amma tamamən dağıdılıb deyə tapa bilmədim. Hər yeri ot basıb. Heç bir işarə belə saxlamayıblar”.

 

Hər bir Şuşa sakini bilir ki, onların ömürlük bu şəhərə qayıdacağı, Şuşanın çiçəklənəcəyi gün heç də uzaqda deyil.

 

 

Xələf Xələfov

Üzeyir Ağayev

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR