“Ötən ilin bu günü sərt soyuq idi, Ağdama girdik” - AĞDAMLI HƏRBÇİ HƏMİN GÜNÜ XATIRLAYIR

# 00:15
20 noyabr 2021

Yenə Ağdama yol almışıq. Azadlığının birinci il dönümü ərəfəsində, bu mənim doğulduğum torpaqla üçüncü görüşümdür. Yenə ruhum darmadağındır… Səbirsizlənirəm, Ağdam üçün. Yol boyu gözüm yenə 16 yaşında tərk etdiyim şəhərimi axtarır. Operatorum Xəyal İsgəndərova müraciət edirəm, daha çox görüntü çək, deyə. Hər qarışında doğmalarımla, əzizlərimlə bir xatirəm var axı… Doya-doya baxmaq üçün, gözümü pəncərədən ayırmıram. Baxdıqca 29 illik yaralarım sızlasa da, əvvəlki kimi ağrımadığını hiss edirəm. Çünki düz bir ildir doğma torpaqlarımızın azadlığı yaralarımı sarmaqla yanaşı, həmdə sabaha olan inamımı artırıb. Ağdamın azadlıq xəbərinin böyüklüyü altında yaşanılan bütün acı günləri unutdum mən. Hər şey yenidən başladı mənim üçün… Bu gün yaşadığım şəhərdə evimə sarıla bilməsəm də, arzumla şəhərimə sarıldığım üçün xoşbəxtəm…

 

“Ağdamda xidmət edən və döyüşlərdə fərqlənmiş hərbiçilərimizlə noyabrın 20-də Ağdamın işğaldan azad edilməsinin 1 illiyində görüşdük. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfərimizdə azadlığa gedən yolda şücaət göstərən qəhrəmanlarımızlayıq. Asim “N” saylı hissəsinin manqa komandiridir. Əslən ağdamlıdır”.

 

“N” saylı hərbi hissənin manqa komandiri Asim Eyvazov deyir ki, hərbçi olmaq kifayət qədər məsuliyyətli bir işdir: “Bu məsuliyyətin üzərinə bir də məcburi köçkün kimi böyüyüb doğulduğun torpağı azad etmək kimi şərəfli bir yol. 24 yaşım var. Əslən ağdamlıyam. Nə xoş bizə ki, vətənimizin işğaldan azad olunmasında iştirak etdik. Gəldik bu yolu uğurla. Amma valideynlərimin mənə danışdığı Ağdamdan əsər-əlamət qalmamışdı biz gələndə. Uşaqlıqda qurduğum xatirələrdən heç nə görmədim. Nə işıqlı küçələr, nə hündür mərtəbəli evlər, nə gözəl parklar. Amma son ana qədər bu qədər vəhşiliyin törədiləcəyinə inanmamışdım. Mədəniyyət evi hamı bilir ki, həm də bir memarlıq abidəsidir, gəldik və gördük ki sadəcə qarşı divarını göz dağı kimi saxlayıblar. Ermənilər uzun illər Ağdam məscidində heyvan saxlamaqla bizə əzab vermişdilər. Amma şükür bu günə, gözü yolda olanların intizarına son qoyuldu. Düzdür bu gün hamı gəlib görməsə də, Azərbaycan Ordusunun ayağının bu torpaqda olması qürurdur, fəxrdir”.

 

N” saylı hərbi hissənin kiçik çavuşu Ruslan Ələkbərov artıq iki ildir xidmət etdiyini deyir: “Bununla artıq ikinci ildir ki, xidmət edirəm. Hərbi xidmətdə olanda, bizim olduğumuz yerdən daş karxanası görsənirdi. Deyirdik ki, görəsən bir gün qismət olacaqmı o yerlərə yaxından baxmaq? Şükür, bu gün mənə də qismət oldu. Arzum olub ki, döyüşüm və bu arzumu da gerçəkləşdirdim. Bu gün çox qürurluyuq ki, azad etdiyimiz torpaqlarda keşik çəkirik”.

 

“N” saylı hərbi hissənin manqa komandiri Asim Eyvazov Ağdamda olduğu üçün özünü güclü, qürurlu hiss edir: “Torpaqlarımızda fəxrlə, ürəklə gəzirik. Xidmətdə ayıq-sayıq dayanmışıq. İnşallah, hər şey əvvəlkindən daha gözəl olacaq. Ağdam da gözəlləşəcək.  1 ildir azaddır doğma vətənimiz. Bu hissi necə bölüşüm bilmirəm... Gəlirsən şəhərə, doğmalarına zəng edirsən ki, məscidin qarşısındayam. Bu hissi yaşamaq çox qürurludur. Bilirsiniz Sevinc xanım, ilk gün, yəni ötən ilin bu günü sərt soyuq idi. Ağdama girdik, inanın elə bil şəhər sevinirdi, o soyuq yox oldu, hələ də yaşıl ağaclar, üstü dolu meyvələr, şəhər sevinirdi elə bil. İndi hamı o günü belə xatırlayır”. 

 

“N” saylı hərbi hissənin kiçik çavuşu Ruslan Ələkbərov xoşbəxt hərbçiyik ki, hamı bizimlə qürur duyur deyir: “Anam xüsusilə Vətən Müharibəsinə gedəndən də deyirdi oğlum geri qalma. İndi bizdən nigaran qalmırlar. Burda Ağdamlıların qonağıyıq(gülür). Yaxşıdır hər şey, şükür. Ən böyük arzumuz budur ki, bir də müharibə olmasın. Biz bunu yaşadıq. Gələcək nəsillər yaşamasın. Ali Baş Komandanımız var olsun!”

 

Vətən müharibəsinin iştirakçıları ilə görüşümüzdən sonra “N” saylı hərbi hissəyə baş çəkdik, hazırda hərbi xidmətdə olan əsgərlərimizlə də görüşdük. Bu gün əzmlə Ağdamın müdafiəsində dayanan əsgərlərimiz də mikrofonumuza danışdı.

 

Azadlığın əbədi olsun, doğma yurdum! Yenidən görüşmək diləyi ilə bu gözəl diyardan ayrılırıq.

 

Sevinc Vaqifqızı,

Xəyal İsgəndərov.

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR