Özü yana-yana vurulan tankdan əsgərlərimizi çıxarırdı

# 14:48
6 noyabr 2021

Aprel döyüşləri, Tovuz döyüşləri, sonda isə ikinci Qarabağ müharibəsi, elə onunla da tarixə həkk oldu şəhid baş gizir Ramil Yusifov.

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhid baş gizir Yusifov Ramil Mürşüd oğlu İsmayıllıda doğulub, elə orada da boya-başa çatıb. Orta məktəbi bitirdikdən sonra ordu sıralarında həqiqi xidmətə yollanıb. Daha sonra gizir kimi fəaliyyətini davam etdirir. Aprel döyüşlərində xüsusi canfəşanlığı ilə böyük rəğbət qazanır. Xidmətdə fərqləndiyinə görə işlədiyi dövr ərzində 7 medal, 12 fəxri-fərmanla təltif edilib.

Ramil ​Yusifov ikinci Vətən müharibəsində də yaxından iştirak edir, bir sıra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlərə qatılır. Tank komandiri olaraq daim öndə gedir. Bütün gücünü düşmən sıralarını darmadağın etməyə yönəldirdi. 7 kəndin azad edilməsi, demək olar ki, baş gizir Ramil Yusifovun şəxsən adı ilə bağlıdır. Lakin, təəssüf ki, düşmənə qan udduran qəhrəmanımız özü də mənfur düşmənin hədəfinə tuş gəlir. Talış kəndi ətrafındakı döyüşlər zamanı tankda yanaraq yaralanır.

Şəhidimiz ağır yaralansa da onunla birgə tankda olan 3 döyüş yoldaşını yanan tankdan çıxarır. Prezidentin xüsusi tapşırığı ilə qəhrəmanımız helikopterlə Bakıya müalicəyə göndərilir, onun üçün bir neçə mütəxəssis həkim ayrılır. ​ Həkimlərin bir həftəlik səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmur. Yanıq daxili orqanlarını zədələdiyi üçün oktyabrın 5-i, ailə həyatı qurduğu gün ​42 yaşında şəhidlik zirvəsinə ucalır.


Ramil Yusifov ölümündən sonra "Vətən uğrunda" ​və "Suqovuşanın azad ​ olunmasına görə" medalları ilə təltif edilib.

Şahnəzər Bəşirov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR