Özünüməşğulluq proqramına müraciət edən Göyçay sakini necə borca düşdü?

# 11:56
22 sentyabr 2022

Göyçay rayonu Qaraxıdır kənd sakini Tehran Eyyubov bir neçə il öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən, lakin hələ də arzusuna çata bilməyən vətəndaşlarımızdan biridir.

 

Arzusuna çatmaq üçün döydüyü bütün qapıların üzünə bağlandığını görən müsahibimiz son çarəni APA TV-nin mikrofonuna danışmaqda görüb. Biz də vətəndaşın səsi olmaq üçün yollandıq Göyçaya.

 

Müsahibimiz deyir ki, 4 il əvvəl inək və ya qoyun almaq üçün Göyçay rayon Məşğulluq Mərkəzinə müraciət edib. Lakin bu günə kimi müxtəlif bəhanələrlə ona heyvan verilməyib. Onun sözlərinə görə, məşğulluq mərkəzinin nümayəndələri 2 dəfə onun evinə gələrək ailə vəziyyəti, yaşayış şəraiti, həyətyanı sahəsi və tövləsi ilə bağlı video çəkiliş ediblər. Ancaq hələ də biçarə vətəndaşa ümiddən başqa bir şey verən olmayıb.

 

 

Vətəndaş bildirir ki, heç tikdirdiyi tövlənin daşının pulunu tam ödəyib bitirməyib. Beş nəfərdən ibarət ailəsini dolandırmaq işinin öhdəsindən güclə gəldiyi bir vaxtda  heyvandarlıqla məşğul olmaq eşqi ilə özünü borca da salıb. Amma yerli idarənin bəhanələri, şərtləri bitmir ki, bitmir. Nə birdəfəlik yox deyilir, nə də hə.

 

 

Məsələ ilə bağlı Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxladıq. O isə bildir ki, vətəndaş Tehran Eyyubovun 2019-cu ildə etdiyi ilk müraciəti iş axtarışı prosesi ilə bağlı olub. Vətəndaş tərəfindən özünüməşğulluq proqramına müraciət 2021-ci ilin may ayında edilib. Elə həmin vaxtdan da onun məlumatları növbəlilik reyestrinə daxil edilib.

 

 

Uzun sözün qısası qurum rəsmisinin dediklərindən anlaşılan odur ki, 4 ildir böyük ümidlərlə gözləyən vətəndaş hələ bir müddət də gözləməli olacaq.

 

Şahnəzər Bəşirov, APA TV, Göyçay

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR