Paşinyan sülh müqaviləsini niyə uzadır? - Prosesə kim mane olur?

# 17:17
16 may 2022

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin birgə keçirilmiş son görüşündə əldə olunan razılaşmalara görə, aprel ayının sonunadək hər iki ölkə sərhədlərin delimitasiya və demarkasiyası üzrə işçi qrupları yaratmalı və XİN səviyyəsində Sülh Müqaviləsi üzrə danışıqlara başlamalı idilər. Maraqlıdır ki, hətta Paşinyan özünün hökumət yığıncağında belə, rəsmi Bakının təklif etdiyi 5 bəndlik sülh prinsiplərinin tez bir zamanda imzalanmalı olduğunu demişdi. Bəs görəsən, Ermənistan nəyi gözləyir və ya bu prosesə mane olanlar kimlərdir?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mediaya Azərbaycan tərəfinin yeni təkliflər verdiyini və bu məsələ ilə bağlı işçi qrupunun hələ də yaradılmadığını bildirib. Ölkədə bu gün müxaliflətin anti-türk, anti-Azərbaycan mitinqləri getdiyi halda, erməni ziyalılar  düşünür ki, sülh müqaviləsi olmadan Ermənistanda hansısa inkişafdan danışmaq mənasızdır.

Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı silsilə yazılar yazan “Aravot” qəzetinin baş redaktoru Aram Abramyanın son fikirləri erməni müxaliflərin qəzəbinə səbəb olub. Üstəlik o, hakimiyyəti sülh müqaviləsi məsələsini uzatmaqla yeni müharibə alovunu yaratmaqda günahlandırır.

Aram Abramyan yazısında bildirib ki, danışıqların predmeti Qazax rayonunun yeddi kəndinin, eləcə də Kərkinin Azərbaycana verilməsidir.

Sitat: “İndi Ermənistan hakimiyyəti çətin bir vəzifə ilə üzləşib: müharibənin bərpasından qaçmaq, həmçinin xoşagəlməz sənədin imzalanmasından yayınmaq. Xüsusilə, Rusiya ilə Qərb arasında münaqişə fonunda ATƏT-in Minsk Qrupunun faktiki olaraq kənarda qalmasını nəzərə alsaq, bunu etmək son dərəcə çətin olacaq. Zaman bizim xeyrimizə işləmir. Rusiya Ukraynada apardığı sərsəm müharibəyə görə zəifləyir. ABŞ və Aİ həm coğrafi, həm də siyasi baxımdan regiondan uzaqdır". Sitatın sonu

Müxaliflərin küçə yürüşləri ilə bağlı da fikir bildirən baş redaktor qedy edib ki, onlar hər şeyi sıfırdan, öz istədiklərinə uyğun başlamaq istəyirlər.

Sitat: Müxalifət fərqinə varmadan son rüsvayçılıq yükünü öz üzərinə götürməyə çalışır. Səbəbi aydın deyil. Əgər onlar hakimiyyətə gəlsələr, Azərbaycanın şərtləri daha da pis olacaq.” Sitatın sonu

Küçə yürüşlərini pisləyən Abramyan Paşinyanın dəstəkçilərinin onun hakimiyyətdən getməsinə imkan verməyəcəklərinə ümid etdiyini bildirib.

 

Fuad Sadıqov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR