Paşinyanın 5 illik planı və Azərbaycan üçün xüsusi önəm daşıyan 3 məqam

# 21:25
19 avqust 2021

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin 2021-2026-cı il üzrə proqramını təqdim edib.

 

5 illik proqramda Azərbaycan üçün xüsusi önəm daşıyan 3 məqam var:

 

- İrəvan Azərbaycanla sərhəddə ordunu geri çəkməyə və bölgəyə sərhədçiləri yerləşdirməyə hazırlaşır.

 

- Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır;

 

- Ermənistan hökuməti Minsk qrupu formatında sülh danışıqları prosesini bərpa etməyə hazırdır.

 

Göründüyü kimi Ermənistan bir tərəfdən özünü dünya ictimaiyyətinə sülhpərvər kimi göstərir, digər tərəfdən də yeni münaqişə nöqtəsi yaradıb, mövcud vəziyyətin uzadılması üçün planlar qurur.

 

Siyasi şərhçi Elçin Mirzəbəyli deyir ki, Nikol Paşinyan ilk dəfə baş nazir seçilərkən də Azərbaycanla sərhəddə erməni sərhədçilərin yerləşdiriləcəyi ilə bağlı açıqlamalar vermişdi. Lakin sonradan prosesin əks istiqamətdə inkişaf etdiyinin şahidi olduq. Ardıcıl olaraq sərhəddə təxribatlar törədildi və xüsusən Tovuz hadisələri baş verdi : “Bu baxımdan onun verdiyi açıqlamalar əksər hallarda Ermənistan cəmiyyəti və Xarici ictimai rəyə işləmək xarakteri daşıyır. Bu bir mesaj kimi də qəbul oluna bilər. Lakin mahiyyət etibarı ilə söhbət müharibənin başa çatmasından gedirsə sərhəddə sərhəd qoşunlarının yerləşdirilməsi olduqca sadə bir məsələdir və bu bölgədə olan reallığın tələb etdiyi və diqtə etdiyi şərtlərdən biridir. 

 

Türkiyə ilə münasibətlərin normallaşmasına və kommunikasiya məsələsinə gəldikdə isə

 

“Əslində bu 10 noyabr bəyanatının prinsipidir. Türkiyə Azərbaycanın qələbəsindən dərhal sonra Ermənistanla münasibətlərin normallaşdırılmasına hazır olduğunu bəyan etmişdir. Amma bununla yanaşı ortalıqda olan şərtlər var. Ermənistan ilk növbədə beynəlxalq hüququn prinsiplərindən irəli gələn müvafiq hüquqi bazanın yaradılması və bu istiqamətdə açıqlamaların , bəyanatların verilməsi istiqamətində addımlar atmalıdır.  Çünki Türkiyəyə qarşı ərazi iddialarının irəli sürülməsi, hətta Ermənistanın dövlət rəmzlərində də, bu ərazi iddialarının yer alması Türkiyə ilə Ermənistan arasında münasibətlərinin normallaşmasına mane olan amillərdən biridir. Əslində Minsk qrupu haqqında Nikaol Paşinyanın səsləndirdiyi fikirlər də göstərir ki, bundan öncəki mülahizələrində də ciddi səmimiyyət yoxdur”.

 

 

Millət vəkili Elman Nəsirovun fikrincə, Paşinyanın yeni planı da regionda qarışıqlıq yaratmaqdır: “Qarabağın status məsələsi, sərhəd məsələsi, həmçinin ermənilərə statusun verilməsi və s. bunların hamısı cəfəngiyatdır. Paşinyan bunu deməklə yenidən sonu görünməyən məsələlərin həllinə başlamağı qarşıya  qoyur. Cənab prezidentimiz deyir ki, münaqişə artıq başa çatıb.  Torpaqlarımız işğaldan azad olunub . Sərhədlərimiz bərpa edilib. Minsk qrupu bizə lazım deyil. Minsk qrupunun üzvünün biri buradadır. Rusiya. Başımıza nə oyun açırlar, hansı əməllərdən çıxırlar gözümüzün qabağındadır.  Digər ikisində gətirib başımıza bəla edək?”

 

Elman Nəsirovun sözlərinə görə, Paşinyan heç də püxtələşmiş siyasətçi deyil və bu amil onun öz fikrində qəti olmamasına səbəb olur. Lakin Paşinyan çox gözəl bilir ki, ermənilər üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır: “Bu iki fikir ki, var onlarla mən də mətbuatdan tanışam. Türkiyə ilə münasibətlərin qeyri şərtsiz normallaşdırılması. Bu Paşinyan tərəfindən son vaxtlar səsləndirilən çox normal bir fikirdir. Çünki cənab prezident də, Türkiyə Cümhuriyyətinin prezidenti çox hörmətli Rəcəb Tayyib Ərdoğan da dəfələrlə çağırışlar ediblər ki, bölgədə dayanıqlı sülhün yaranıb, inkişaf eləməsi, Ermənistanın bir dövlət kimi normal yaşaması üçün xüsusən Türkiyə və Azərbaycana qarşı olan düşmənçilik mövqeyindən, ərazi iddialarından əl çəkməlidir.

Paşinyan bundan öncə dəfələrlə Rusiya dövlətinin başçısına, eyni zamanda KTMT-yə  müraciət etmişdir ki, gəlin, hərbçilərinizi gətirin bizim sərhədlərimizi qorusun. Əgər Ermənistan müstəqil dövlətdirsə niyə digər ölkələrdən bu cür kömək istəyirdi? Öz sərhədini özü qorumurdu?  Lakin indi Ermənistan Azərbaycanla sərhəddə öz sərhədçilərin yerləşdirmək istəyirsə bu düzgün qərardır. Necə Azərbaycan tərəfdən bizim sərhədçilər var, eləcə də Ermənistan tərəfdən onların sərhəd qoşunları olsun”.

 

Sərhədlərin delmitasiyasının getdiyi bir vaxtda Minsk qrupunun fəaliyyətinin bərpasına çalışan Ermənistan Baş Naziri görünür ki Qərbin diqqətini yenidən Qarabağa yönəltməyə çalışır. Bu, 44 günlük vətən müharibəsində acı məğlubiyyətə uğrayan Ermənistan dövlətinin hələ də “Dağlıq Qarabağ” xülyasından vaz keçmədiyini nümayiş etdirir.

 

Lakin reallıq budur ki, Azərbaycan dövləti Ali Baş Komandanın rəhbərliyi altında, ordumuzun rəşadəti sayəsində əzəli torpaqlarını işğaldan azad edib. Paşinyanın sərsəm açıqlamaları isə onsuz da məğlub durumda olan erməni xalqı və ordusuna yaxşı heç nə vəd etmir.

 

Xələf Xələfov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR