Pasxa bayramı münasibəti ilə Kəlbəcərə səfər təşkil edilib

# 17:14
5 may 2021

Pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdə Xudavəng məbədinə Alban-Udi dini icmasının və digər xristian icmalarının səfəri təşkil  edilib.

 

APA TV-nin xəbərinə görə, səfərdə din nümayəndələri ilə yanaşı, jurnalistlər də iştirak edib.

 

Səhər saat 8-də Göygöl rayonun Toğanalı kəndindən yola düşən iştirakçılar 2 saat 15 dəqiqədən sonra Murovdağın ətəyində yerləşən Ömər aşırımına çatıb.

 

“Hazırda biz Ömər aşırımındayıq. Bu post Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində  son nöqtəsi olub. Burdan Kəlbəcər rayon mərkəzinə 45 km yol var”.

 

Bir qədər fasilə verəndən sonra yenidən yola davam edən səfər iştirakçıları nəhayət ki, 4 saat 35 dəqiqədən sonra Kəlbəcər rayonun Vəng kəndində yerləşən  Xudavəng monastırına çatır.

 

Mənəvi Dəyərlərin Təbliği Fondunun və Alban-Udi Xristian dini icmasının birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin daşıyıcısı olan Alban-Udi xristian dini icmasının, eləcə də digər xristian dini konfessiyaların üzvləri qədim alban məbədində dini ayin icra ediblər.

 

Qeyd olunub ki, Kəlbəcərin Vəng kəndindəki Xudavəng məbəd kompleksi dünya əhəmiyyətli memarlıq abidələrindəndir. Məbədin əsası VI-VII əsrlərdə qoyulub.

 

Azərbaycan Alban-Udin Xristian dini icmasının sədri Robert Mobili, Xudavəng monastrını 5-ci dəfə ziyarət etdiyini bildirib: “Bu, Xudavəng monastrını 5-ci ziyarətimizdir. Artıq müqəddəs bayramlar olanda buraya gəlirik. Bu gün Pasxa bayramı ilə əlaqədar monastrı ziyarət etdik. Bu ziyarətdə bizim icmadan başqa Azərbaycanda fəaliyyət göstərən başqa xristian icmalarının nümayəndələri də iştirak edirlər. Həmçinin Azərbaycan Bibliya Cəmiyyətinin üzvləri də buradadırlar. Hamımız birlikdə dualar elədik. Şükür ki, biz bu bayramı Qarabağda, işğaldan azad olunan Kəlbəcərdə qeyd edirik. Dualarımızda hər zaman şəhidlərimizi yad edirik. Onlara Allahdan rəhmət diləyirik. Dualarımızda Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsinə, ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirik ki, bizə bu cür şərait yaradıb. Monastrda dualarımızı həm Azərbaycan dilində, həm rus dilində, həm də qədim alban dilinə oxuduq”.

 

“Bu gün bizim üçün ən müqəddəs günlərindən biri oldu. Biz burda böyük bayram keçirdik. Gəlib burda dualar elədik”.

 

“Kəlbəcər işğal altında olan zaman Ermənilər Xudavəng özününküləşdiriblər. Monastırın divarlarında öz dillərində yazılar yazıblar”.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə növbəti tədbirin Laçın rayonundakı Ağoğlan məbədində keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR